Gürcüstan azərbaycanlıları Azərbaycanla sərhəddin açılmağını istəyir - Mindən çox imza atıldı
Gürcüstan azərbaycanlıları sərhədlərin açılması və ya quru sərhəddə alternativ giriş-çıxışın təmin olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ediblər.
InterPress.ge xəbər verir ki müraciətlə bağlı petisiya yaradılıb və 1000 dən çox imza atılıb.
Müraciətdə qeyd olunur ki, 3 ildir pandemiya ilə əlaqədar Gürcüstan və Azərbaycan sərhədi bağlıdır. Həm dost, həm strateji dövlət olmaqdan başqa hər iki ölkəni mənəvi birləşdirən insan faktoru var. Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycandan yaşayan gürcülər və eyni zamanda Azərbaycanda yaşayan Gürcüstan azərbaycanlıları və Gürcüstanda yaşayan Azərbaycan vətəndaşı olan gürcülər üçün bu alternativi yaratmağı xahiş edirik, çünki digər ölkələrin vətəndaşlarından fərqli olaraq Gürcüstan və Azərbaycanda yaşayan xalqları biri-biri ilə ailə münasibətləri və bağları birləşdirir. Bundan əvvəl müəyyən qrup insanlar sizə müraciətlər ediblər və öz narahatçılıqlarını bildiriblər.
Bu müraciətə yalnız Gürcüstan azərbaycanlıları deyil eləcə də Azərbaycanda yaşayan gürcü vətəndaşları da qoşulur.
Petisiyaya imza atan şəxslər müvafiq orqanlara alternativ giriş-çıxış imkanları yaratmaq quru sərhədi keçmək üçün güzəştlər və imkanlar yaradılmasını xahiş ediblər.
Qeyd edək ki, petisiya Gürcüstanda insan haqları üzrə fəaliyyət göstərən Samirə Bayramovanın təşəbbüsü ilə Qırmızı Körpü buraxılış məntəqəsində çarəsiz qalan və təyyarə bileti üçün maddi imkaları olmayan şəxslərin faciəvi durumunu nəzərə alaraq yaradılıb. Minlərlə şəxs maddi və sağlamlığı baxımından hava yollarından istifadə edə bilmir.


