14 
Avq
2023
10:53
859

Gürcüstanda 6 ay ərzində surroqat analıq və süni mayalanma yolu ilə neçə uşaq dünyaya gəlib?

2023-cü ilin birinci yarısında Gürcüstanda surroqat analıq və süni mayalanma yolu ilə 976 uşaq doğulub.

InterPress.ge xəbər verir ki, bu, Milli Məclisin deputatı Tamar Kordzaiyanın deputat sualına Səhiyyə Nazirliyinin verdiyi məlumatda qeyd olunub.

Daha dəqiq desək, rəsmi məlumatlara görə, 2023-cü ilin yanvar-iyun ayları ərzində surroqat analıq yolu ilə 517, in vitro mayalanma yolu ilə isə 457 körpə doğulub.

Ötən illərin göstəricilərinə gəlincə, 2022-ci ildə Gürcüstanda surroqat ana ilə 806, in vitro mayalanma yolu ilə 1110 uşaq, 2021-ci ildə isə surroqat ana ilə 308, süni mayalanma ilə 719 uşaq qeydiyyatdan keçib.

Qeyd edək ki, qurumdan deputata verilən məlumatda Gürcüstan və ya xarici vətəndaşların surroqat analıq və süni mayalanma üçün müraciət edib-etmədiyi göstərilməyib.

Xatırladırıq ki, baş nazir İrakli Ğaribaşvilinin sözlərinə görə, Gürcüstanda surroqat ana yolu ilə körpə dünyaya gətirməyə yalnız Gürcüstan vətəndaşlarına icazə veriləcək. Bu barədə hökumət başçısı 2023-cü ilin iyununda bəyan edib. Səhiyyə naziri Zurab Azaraşvilinin sözlərinə görə, bu qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Nazirin bəyan etdiyinə görə, onlar çalışacaqlar ki, parlamentin sözügedən məsələ ilə bağlı qanunvericilik təşəbbüsünü daha sürətlə nəzərdən keçirib təsdiq etsinlər. Tibb sahəsinin nümayəndələri qeyd edirlər ki, bu qərar gürcü cütlüklər üçün qiymətlərin artmasına səbəb olacaq, çünki bu bazarda xarici pasiyentlər mühüm rol oynayır.

 

Bizimlə əlaqə saxlayın