Kənan Ömərov, Zaur Darğallı və Amiran Qiorqadze avqust müharibəsində həlak olanların abidəsi önünə əklil qoyublar
Bu gün Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı və Marneuli Şəhər Şurasının sədri Amiran Qiorqadze yerli özünüidarəetmə orqanlarının rəhbərləri ilə birlikdə Gürcüstanın ərazi bütövlüyünə həsr olunmuş xatirə abidəsi önünə əklil qoyublar.
InterPress.ge xəbər verir ki, bu barədə Marneuli Bələdiyyəsinin Meriyası məlumat yayıb.
Onların məlumatına görə, müharibədə həlak olanların ruhunun yad edildiyi kilsədə rəhbərlərlə birlikdə bələdiyyənin əməkdaşları da iştirak ediblər.
“Bu gün biz avqust döyüşlərində həlak olan qəhrəmanların xatirəsini ehtiramla yad etdik. Ölkəmizin ən yeni tarixini dəyişdirən faciəli hadisələrdən 15 il ötür, biz yüzlərlə mülki və hərbi qulluqçumuzu itirmişik, minlərlə vətəndaş öz yurdundan didərgin düşmüşdür.
Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların abidəsini əklillə bəzədik. Bu insanlar ölkəmizin azadlığı, müstəqilliyi, daha gözəl gələcəyi uğrunda canlarını fəda etmişlər, onların arasında bələdiyyəmizin gəncləri də var idi.
Biz onların vətənimizə verdiyi töhfələri xatırlamağa borcluyuq”, - deyə Marneuli Bələdiyyəsinin meri Kənan Ömərov bildirib.


