2 milyon 528 min 20 lari dəyərində dövlət torpaqlarının mənimsənilməsi ilə bağlı 5 nəfər barəsində cinayət işi başlanıb
Saxta rəsmi sənədlər hazırlayıb istifadə edilməklə külli miqdarda dövlət əmlakını dələduzluq yolu ilə əldə etmə və vəzifə laqeydliyi faktları üzrə biri keçmiş vəzifəli şəxs olmaqla 5 nəfər barəsində cinayət işi başlanıb.
InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat verib.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs 2020-2021-ci illərdə Mtsxeta-Mtianeti bölgəsində saxta sənədlərdən istifadə etməklə, yalançı şahidlərin köməyi ilə və bələdiyyə işçilərindən birinin xidməti vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində dələduzluq yolu ilə 28.486 m2 sahəsi olan və ümumi dəyəri 2.528.020 lari təşkil edən 4 torpaq sahəsini qeydiyyatdan keçirib.
“Təqsirləndirilən şəxs saxta sənədlərdən istifadə edərək əlavə olaraq 2 507 736 lari dəyərində 32 483 kv.m. 5 torpaq sahəsini dələduzluq yolu ilə qeydiyyatdan keçirməyə çalışıb, lakin bunun qarşısı alınıb.
İstintaq zamanı qanunsuz olaraq alınmış torpaq sahələrinə həbs qoyulub.
Dələduzluq yolu ilə mənimsənilmiş torpaq sahələrinin dövlət mülkiyyətinə qaytarılması üçün müvafiq hüquqi prosedurlar aparılır”, - deyə qurumun açıqlamasında bildirilir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 6 ildən 9 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 362, 180 və 342-ci maddələri ilə davam etdirilir.


