DİN: "Təbii fəlakət zonasından 40-a yaxın vətəndaş təxliyə edilib"
Daxili İşlər Nazirliyinin məlumatına görə, Raçada təbii fəlakət zonasından artıq 40-a yaxın vətəndaş təxliyə edilib.
InterPress.ge xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, hazırda hadisə yerində aktiv xilasetmə əməliyyatı aparılır.
Təxliyyə işlərinə Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin xilasedici helikopteri cəlb olunub.
Həmçinin Oni şəhərinin meri Serqo Xideşelinin sözlərinə görə, vətəndaşların təbii fəlakət zonasından təhlükəsiz yerə təxliyəsinə başlanılıb.
Xideşelinin sözlərinə görə, vətəndaşlar Oni ərazisindəki mehmanxanalara yerləşdiriləcək.
“Hazırda mövcud olan məlumata əsasən, Şovi kurort ərazisinə müvafiq xidmətlər, o cümlədən xilasetmə xidmətinin rəisi, xilasetmə xidmətinin əməkdaşları, Daxili İşlər Nazirliyinin bölmələri səfərbər olunub. Demək olar ki, biz artıq vətəndaşların kurort zonasından təhlükəsiz yerə köçürülməsinə başlamışıq. Vətəndaşlar Onidəki müxtəlif otellərdə yerləşdiriləcəklər. Xəsarət alanlar barədə məlumatlara gəlincə, indiki mərhələdə sizə heçnə deyə bilmərik”, - Oni meri bildirib.


