13 milyon lari dəyərində daşınmaz əmlakı dələduzluq yolu ilə əldə etməyə cəhd edən şəxslər saxlanıldı
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində bir qrup şəxs tərəfindən qabaqcadan razılaşma yolu ilə saxta sənəd hazırlayaraq və istifadə etməklə külli miqdarda əmlakı dələduzluq yolu ilə əldə etməyə cəhd faktı üzrə biri xarici ölkə vətəndaşı olmaqla 3 nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat verib.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər Gürcüstanda qeydiyyatda olan şirkətlərdən birinin dəyəri 13 milyon lariyə yaxın olan daşınmaz əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə xaricdə fəaliyyət göstərən notariusun adı ilə təsdiq edilmiş etibarnaməni saxtalaşdırıblar, guya şirkətin təsisçisi şübhəlilərdən birinə onu təmsil etmək səlahiyyəti verib.
Təqsirləndirilən şəxslər yuxarıda qeyd olunan saxta etibarnamədən istifadə edərək, Ədliyyə Evinə ərizə ilə müraciət edərək, şirkətin təsis kapitalının cinayətkar qruplaşmanın üzvünün adına keçirilməsini və direktorun dəyişdirilməsini tələb ediblər, lakin istintaq xidməti və Ədliyyə Nazirliyinin Dövlət Reyestri Milli Agentliyinin əlaqələndirilmiş fəaliyyəti nəticəsində buna nail ola bilməyiblər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 362 və 180-ci maddələri ilə aparılır.


