26 
Iyn
2023
14:55
531

Tbilisidə “Gürcüstanda Azərbaycandilli Məktəblərin Müəllimlərinin I Qurultayı” keçirilib

Cari ilin 25 iyun tarixində müstəqil Gürcüstanın tarixində ilk dəfə paytaxt Tbilisidə, Azadlıq Meydanında yerləşən “Courtyard Marriott” hotelinin konfrans zalında “Gürcüstanda Azərbaycandilli Məktəblərin Müəllimlərinin I Qurultayı” keçirilib.

InterPress.ge xəbər verir ki, açılış mərasimində çıxış edən Gürcüstanın Təhsil və Elm Nazirliyinin rəsmi nümayəndəsi Despine Koyava, “Maarif” təşkilatının sədri Ələddin Qarabağlı, Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin nümayəndəsi Eter Apxazava, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Anar Rəsulov və iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva çıxış edərək qurultay iştirakçılarını tarixi gün münasibətilə salamlayaraq uğurlar arzu ediblər.

Daha sonra iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayevanın moderatorluğu ilə “SALAM” platformasının təsisçisi Kamran Məmmədli və Yeni Düşüncə İnstitunun həmtəsisçisi, eyni zamanda Marneuli bələdiyyəsinin Tsopi kənd ictimai məktəbinin gürcü dili müəllimi Ariz Daşdəmirli ilə dövlət dili ilə bağlı yaşanan problemlər, həyata keçirilən islahatlarla bağlı panel müzakirə keçiriblər. İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayevanın moderatorluğu ilə davam etdirilən ikinci panel müzakirənin əsas məruzəçiləri Bolnisi bələdiyyəsi 1 saylı Faxralı kənd məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, həmçinin Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin həmtəsisçisi Fatma Əliyeva və Marneuli bələdiyyəsi Yuxarı Saral ictimai kənd məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Tərgül Yusubova olub. İkinci panel müzakirədə ana dili ilə bağlı yaşanan problemlər, ana dilinin məişət dili səviyyəsinə enməsi, ana dili üzrə dərs saatlarının azaldılması və s. vurğulanıb.

Sonda auditoriyadan ünvanlanan suallar cavablandırılıb. Daha sonra “Maarif” təşkilatının sədri Ələddin Qarabağlı azərbaycandilli məktəblərdə yaşanan problemlərdən danışıb. 

Sondaş təkliflər qəbul edilib, səsə qoyulub və yekdilliklə qəbul edilib. 

Qeyd edək ki, Gürcüstanda Azərbaycandilli Məktəblərin I Qurultayı “Maarif” təşkilatı, “SALAM” platforması və “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Bizimlə əlaqə saxlayın