Məktəb attestatları iyulun 3-dən veriləcək
Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi iyulun 3-dən tam ümumi təhsili təsdiq edən dövlət sənədi və attestatın verilməsi üçün ərizələrin qəbuluna başlayacaq.
InterPress.ge xəbər verir ki, məlumatı Dövlət Xidmətlərinin İnkişafı Agentliyi yayıb.
Bu il ölkə üzrə 47 306 şagird məktəbi bitirib. Məktəb məzunları tam ümumi təhsili təsdiq edən sənəd üçün Ədliyyə Evlərinə və Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin filiallarına müraciət edə biləcəklər.
Abituriyentlər ərizə təqdim etdikdən sonra 10-cu iş günündə hazır attestatı pulsuz əldə edəcəklər. Cari ilin dekabrın 31-dək sənəd üçün ödənişsiz müraciət etmək mümkündür. Attestat sürətləndirilmiş qaydada götürüldükdə müvafiq ödəniş nəzərdə tutulur.
Tam ümumi təhsili təsdiq edən dövlət sənədi - attestatı həm fiziki, həm də elektron formada əldə etmək mümkündür.
Abituriyentlər hazır maddi sənədi götürüb-götürməməsindən asılı olmayaraq elektron attestatdan məhdudiyyətsiz istifadə edə bilərlər.


