Saxta sənədlərdən istifadə etməklə dövlət büdcəsinə külli miqdarda ziyan vuran şəxslər saxlanıldı
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq və axtarış tədbirləri nəticəsində saxta vergi sənədləri hazırlayıb istifadə etməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurmaq faktı üzrə 5 nəfəri məsuliyyətə cəlb ediblər.
InterPress.ge xəbər verir ki, bununla bağlı Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat verib.
Məlumata görə, cinayət əməli nəticəsində dövlət büdcəsinə 83 981 lari dəyərində ziyan vurulub.
“İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi gəlir əldə etmək məqsədilə idarə etdikləri şirkətlər adından qabaqcadan razılaşdırılaraq tikinti-təmir işlərinin aparılması ilə bağlı saxta vergi hesab-fakturaları tərtib ediblər, bu yolla saxta ƏDV aktivi yaradıblar və bundan sonradan cari vergi öhdəliklərini ödəmək üçün istifadə ediblər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin cəza olaraq 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 210 və 185-ci maddələri ilə aparılır”, - məlumatda deyilir.


