22 
May
2023
15:50
239

Tbilisinin müəyyən küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Gürcüstanın Müstəqillik Gününə hazırlıq dövründə və mayın 26-da paytaxtda avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, mayın 23-də saat 00:00-dan etibarən Azadlıq meydanı, Rustaveli prospekti və Birinci Respublika meydanında avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Həmçinin Rustaveli prospektini birləşdirən bütün küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Avtomobillər Barataşvili və Tabukaşvili küçələri ilə, Merab Kostava və Sanapiro küçələri istiqamətində hərəkət edə biləcək.

Mtatsmindadan hərəkət Asatiani küçəsi ilə Qorqasali meydanı istiqamətində mümkün olacaq.

Həmçinin, Kote Abxaz küçəsində (keçmiş Leselidze küçəsi) hərəkət edən nəqliyyat vasitələri Verçxali küçəsi ilə Barataşvili küçəsi istiqamətində hərəkətini davam etdirə biləcək.

Sağ sahildən Barataşvili küçəsinə gedən enişdə nəqliyyat vasitələrinin hərəkəti qadağan ediləcək.

Nəqliyyat vasitələri Vaxtanq Qorqasali küçəsi istiqamətində hərəkət edə biləcək.

Barataşvili enişindən hərəkət edən nəqliyyat Barataşvili körpüsünü keçdikdən sonra yalnız Ədliyyə Evinin yaxınlığındakı enişlə, sağ sahil istiqamətində hərəkət edəcək.

Mtatsminda istiqamətində hərəkət edən avtomobillər Petre Melikişvili küçəsi ilə Simon Canaşia, İvane Tarxnişvili və Tamar Çovelidze küçələri ilə hərəkət edəcək, oradan da Çonkadze küçəsi istiqamətində hərəkətlərini davam etdirəcəklər.

Həmçinin İliya Çavçavadze prospektindən gələn axın Petre Melikişvili və Merab Kostava küçələri ilə sahil istiqamətində hərəkətini davam etdirə biləcək.

Yol hərəkətinin təhlükəsizliyini təmin etmək və nasazlıqların qarşısını almaq məqsədilə Patrul Polis İdarəsinin əməkdaşları tərəfindən avtonəqliyyat vasitələrinin hərəkəti tənzimlənəcək.

Lazım gələrsə, patrul əməkdaşları sürücülərə alternativ yollar haqqında da məlumat verəcəklər.

Mayın 27-dən etibarən tədbir üçün nəzərdə tutulan bəzək əşyaları söküldükdən sonra məhdudiyyətlər tamamilə aradan qaldırılacaq və nəqliyyatın hərəkəti normal vəziyyətə gətiriləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər