12 
May
2023
11:53
191

Gürcüstanın Milli Botanika Bağında Ulu Öndər Heydər Əliyevin adına Xatirə Bağı salınıb - FOTO

Gürcüstanın Milli Botanika Bağında Ulu Öndər Heydər Əliyevin adına Xatirə Bağı salınıb.

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi məlumat verib.

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində 2023-cü ilin may ayının 10-da Ulu Öndərin Tbilisi və Rustavi şəhərlərindəki abidələri ziyarət edilərək önünə əklillər qoyulub və gül dəstələri düzülüb.

Daha sonra tədbir iştirakçıları Gürcüstanın Milli Botanika Bağına yola düşüblər. Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi və SOCAR-ın təşəbbüsü, eləcə də Tbilisi Şəhər Meriyasının dəstəyi ilə Tbilisi şəhərində yerləşən Milli Botanika Bağında Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası tərəfindən hədiyyə olaraq Gürcüstana göndərilən 100 ədəd nar ağacı əkilib. Tbilisi Şəhər Meriyasının dəstəyilə salınan bağa Heydər Əliyev Xatirə Bağı adı verilib.

Xatirə bağının girişində narın Azərbaycan üçün iqtisadi əhəmiyyəti, Azərbaycan mədəniyyətində, kulinariyasında, simvolikasında tutduğu yer, həmçinin keçirilən nar festivalları barədə məlumatverici lövhə quraşdırılıb.

Keçirilən tədbirlərdə Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyevlə yanaşı, Gürcüstan Parlamentinin vitse-spikeri Arçil Talakvadze, Gürcüstan Patriarxiyasının baş keşişi, beynəlxalq məsələlər üzrə məsul şəxs, Tbilisi İlahiyyət Akademiyasının rektoru Giorgi Zviadadze, Gürcüstanın Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini Kaxa Kakabadze və Nazirlik əməkdaşları, Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı, Gürcüstan Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay və Səfirlik əməkdaşları, Vatikanın Gürcüstandakı səfiri Jose Avellino Betanikur, Macarıstanın Gürcüstandakı səfiri Anna Maria Siko, Suxumi Dövlət Universitetinin rektoru Zurab Xonelidze, Çin və Qazaxıstan Səfirliklərinin diplomatları, Gürcüstanın digər ali təhsil ocaqlarının rəhbər və professor-müəllim heyəti, eləcə də Gürcüstanın ictimai-siyasi və din xadimləri, soydaşlarımız, həmçinin bu ölkədə fəaliyyət göstərən azərbaycanlı iş adamları iştirak ediblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər