Sosial şəbəkələrdən və müxtəlif rabitə vasitələrindən istifadə etməklə vətəndaşların pulunu mənimsəyən şəxs saxlanıldı
Gürcüstan prokurorluğu sosial şəbəkələrdən və müxtəlif kommunikasiya vasitələrindən istifadə etməklə dələduzluq edən bir nəfərə qarşı cinayət təqibinə başlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə prokurorluğun bəyanatında qeyd olunub.
Məlumata görə, iş üzrə aparılan istintaq tədbirləri ilə müəyyən edilib ki, təqsirləndirilən şəxs sosial şəbəkələr və müxtəlif rabitə vasitələri ilə saxta adlar altında Gürcüstan vətəndaşları ilə əlaqə saxlayıb, Estoniya və Litva Respublikasına iş vizalarının alınmasında köməklik göstərməsi müqabilində külli miqdarda pul tələb edib.
“Paralel rejimdə təqsirləndirilən şəxs Gürcüstanda kriptovalyuta ticarəti ilə məşğul olan şəxsləri axtarıb, saxta Facebook profilləri ilə əlaqə saxlayıb və kriptovalyuta almağa razılaşıb. Təqsirləndirilən şəxs xidmətləri müqabilində zərərçəkənlərdən aldığı pulu əvvəlcədən axtardığı kriptovalyuta treyderlərinə məxsus bank hesablarına köçürüb. Bunun müqabilində o, köçürdüyü pullara uyğun olaraq, kriptovalyuta tələb edib, nəzarəti altında olan kripto pul kisələrinə köçürüb və qanunsuz olaraq mənimsəyib. Bu yolla təqsirləndirilən şəxs zərərçəkmişlərə məxsus on minlərlə larini dələduzluq yolu ilə ələ keçirib.
Məhkəmənin qərarı əsasında təqsirləndirilən şəxsin adına olan virtual aktivlər xidməti platformalarında açılan pul kisələri və kriptovalyutalara həbs qoyulub. Təqsirləndirilən şəxsə qarşı dələduzluq yolu ilə özgənin külli miqdarda əmlakını qanunsuz ələ keçirmə faktı üzrə cinayət işi başlanıb. Təqsirləndirilən şəxs barəsində qiyabi həbs qətimkan tədbiri seçilib”, - prokurorluğun məlumatında deyilir.


