Gürcüstanda 9 Aprel qurbanlarının xatirəsi anılıb
Gürcüstanda törədilmiş 1989-cu il 9 Aprel hadisələrindən 34 il ötür. Bu gün Gürcüstanın dövlət və hökumət rəsmiləri, gürcü xalqı, eləcə də bu ölkədə yaşayan azərbaycanlılar Gürcüstan parlamentinin binası önündə 9 Aprel qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edirlər.
InterPress.ge xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları 9 Aprel qurbanlarının xatirəsini anıb, Şota Rustaveli prospektindəki abidə önünə əklil qoyublar.
Qeyd edək ki, 1989-cu il aprelin 9-da sovet ordusu Tbilisidə Gürcüstanın müstəqilliyi uğrunda başlamış dinc nümayişi tanklardan və zəhərləyici qazlardan istifadə etməklə qəddarlıqla dağıdıb.
1989-cu il 9 Aprel faciəsi zamanı 21 nəfər ölüb, yüzlərlə insan yaralanıb, 3500 nəfər kimyəvi qazdan zəhərlənib.
Gürcüstanda 9 Aprel tarixi Milli Birlik Günü, həmçinin müstəqillik uğrunda həlak olanların xatirə günü kimi qeyd edilir.
Faciə qurbanlarının xatirəsi ənənəvi olaraq Şota Rustaveli prospektində, Gürcüstan parlamentinin binası qarşısındakı memorial önündə anılır.



