Şəxsi həyat sirrini pozan və cinsi əlaqəyə məcbur edən 4 nəfər saxlanıldı
2023-cü ilin yanvar-mart aylarında Xüsusi İstintaq Xidməti şəxsi həyat sirrinin pozulması, cinsi əlaqəyə məcbur etmə, şəxsi yazışmaların yayılması və ölümlə hədələmə ilə bağlı 5 faktın üzərini açıb.
InterPress.ge xəbər verir ki, bununla bağlı Xüsusi İstintaq Xidməti məlumat yayıb.
Məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Ğvareli bələdiyyəsində yaşayan 1996-cı il təvəllüdlü B.T. 2022-2023-cü illərdə zərərçəkmişin çılpaq vücudunu əks etdirən videoları qanunsuz olaraq saxlayıb.
“Bundan başqa, təqsirləndirilən şəxs yuxarıda qeyd olunan videoları yaymaqla hədələyərək qadından onun çılpaq bədənini əks etdirən başqa videolar göndərməsini və onun adını çəkdiyi şəxslə cinsi əlaqədə olmasını tələb edib.
Sözügedən cinayət əməli qurbanın şəxsi həyatının sirrini və cinsi azadlığını pozub. Xüsusi İstintaq Xidməti təqsirləndirilən B.T. -ni 2023-cü il martın 14-də saxlayıb, ona Gürcüstan Cinayət Məcəlləsinin 157 prima maddəsinin birinci hissəsi və 139-cu maddəsinin birinci hissəsi ilə ittiham irəli sürülüb ki, bu da 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, 2022-ci il avqustun 8-dən noyabrın 20-dək olan müddətdə Xulo bələdiyyəsinin Riğeti kəndində 2002-ci il təvəllüdlü L.X. zərərçəkmiş şəxslə şəxsi həyatına aid məlumatları və intim məzmunlu foto və video çəkilişləri yaymaq hədəsi ilə bir neçə dəfə zorla cinsi əlaqəyə girib. Xüsusi İstintaq Xidməti tərəfindən həyata keçirilmiş istintaq tədbirləri nəticəsində 23 yanvar 2023-cü il tarixdə təqsirləndirilən L.X. saxlanılıb. O, Gürcüstan Cinayət Məcəlləsinin 139-cu maddəsinin birinci hissəsi ilə ittiham olunub və bunun üçün 5 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Xüsusi İstintaq Xidməti tərəfindən şəxsi həyyat sirrini pozma faktı üzrə 1974-cü il təvəllüdlü Q.K. ifşa olunub. Aparılmış araşdırmalarla müəyyən edilib ki, 2020-ci ilin sentyabr ayında Q.K. qanunsuz olaraq “Facebook” sosial şəbəkəsində zərərçəkmiş şəxslə üçüncü şəxs arasında yazışmaları əldə edib, məzmunu ilə tanış olub və yazışmaların şəkilini çəkib. Zərərçəkmişin materialı silmək tələbinə baxmayaraq, Q.K. onları qanunsuz olaraq mobil telefonunda saxlayıb və bununla da zərərçəkmişin şəxsi yazışmalarının sirrini pozub. Q.K.-ya qarşı Gürcüstan Cinayət Məcəlləsinin 159-cu maddəsinin birinci hissəsi ilə ittiham irəli sürülüb. Cinayət 3 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bu il Xüsusi İstintaq Xidməti əməkdaşlarının həyata keçirdikləri istintaq tədbirləri nəticəsində cinsi dözümsüzlük zəminində başqa şəxsin intim məzmununu əks etdirən foto, video və yazışmaları əldə edib yaydıqlarına görə 2 nəfər – Qardabani sakini 2000-ci il təvəllüdlü N.İ. və Tskaltubo sakini 1985-ci il təvəllüdlü A.Ğ. saxlanılıb. Onlara qarşı Gürcüstan Cinayət Məcəlləsinin 4 ildən 8 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 157-ci maddəsinin birinci və ikinci hissələri ilə ittiham irəli sürülüb. Xüsusi İstintaq Xidməti şəxsi həyatın toxunulmazlığının pozulmasının qarşısının alınması və cinayətdə ifşa olunmuş şəxslərin müəyyən edilməsi istiqamətində mübarizəni fəal şəkildə davam etdirir”, - deyə Xüsusi İstintaq Xidmətinin məlumatında bildirilir.


