Sinoptiklər hava şəraiti ilə bağlı xəbərdarlıq edir - Yağış, dolu, güclü külək...
Martın 29-dan aprelin 2-dək Gürcüstan ərazisində hava şəraitinin kəskin pisləşəcəyi gözlənilir.
InterPress.ge xəbər verir ki, Milli Ətraf Mühit Agentliyi gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edir.
Bildirilib ki, martın 29-da gecə saatlarında Qara dəniz sahillərində və Quriya-Sameqrelo bölgəsinin bəzi ərazilərində, martın 29-da günün ikinci yarısından isə ölkənin əksər ərazilərində qərb istiqamətindən çox güclü küləyin əsəcəyi gözlənilir, dənizdə 4-5 bal gücündə fırtına mümkündür, dağlıq rayonlarda çovğun müşahidə oluna bilər.
Martın 30-dan aprelin 2-dək havanın temperaturu xeyli aşağı düşəcək. Martın 31-i və aprelin 1-i gecə saatlarında düzənliklərdə və aran bölgələrində mənfi temperatur müşahidə oluna bilər. Martın 30-dan aprelin 1-dək yağıntının bəzi yerlərdə qar şəklində olacağı, bəzi bölgələrdə şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir.
Gözlənilən güclü yağıntılar Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, ölkənin dağlıq ərazilərində qar uçqunlarının əmələ gəlməsinə və sürüşmə proseslərinin başlanmasına və aktivləşməsinə səbəb ola bilər. Gözlənilən güclü küləklər binanın dam örtüklərinə, elektrik xətlərinə, ağaclara və digər infrastruktur obyektlərinə ziyan vura bilər. Mənfi hava temperaturu və güclü külək çiçəkləmə mərhələsində meyvə ağaclarına mənfi təsir göstərəcək.


