İstintaq Xidməti qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı üç fakt aşkar edib
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Acarıstan və Sameqrelo bölgələrində müvafiq icazə olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olma ilə bağlı 3 fakt aşkar edilib.
InterPress.ge xəbər verir ki, bununla bağlı İstintaq Xidməti məlumat verib.
Məlumata görə, fakt üzrə 4 nəfər məsuliyyətə cəlb edilib, onlardan biri tutulub.
“İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər üç fərqli yerdə oyun biznesi obyektləri təşkil ediblər və müvafiq məcburi icazə olmadan internet vasitəsilə Gürcüstandan kənarda fəaliyyət göstərən internet kazinolarının veb səhifələrinə loto oyunları prosesləri ötürüblər.
Müəyyən edilib ki, obyektlərin qanuni fəaliyyət göstərdiyi halda dövlət büdcəsinə icazə haqqı kimi ümumilikdə təxminən 300 000 lari daxil olmalı idi. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 192-ci maddəsinin birinci və ikinci hissələri ilə aparılır", - məlumatda deyilir.


