DİN: Dünənki aksiyada 66 nəfər saxlanılıb
Hüquq-mühafizə orqanlarının əməkdaşları xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmamaq faktları üzrə 66 nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
"Daxili İşlər Nazirliyi martın 7-də Tbilisidə, Rustaveli prospektində, Parlament binasının yaxınlığında baş vermiş zorakılıq hadisələri ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 353-cü Prima və 187-ci maddələri ilə araşdırmalara başlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmama faktlarına görə İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələri ilə 66 nəfər saxlanılıb. Göstərilən şəxslər tərəfindən törədilmiş cinayət faktları qanunla müəyyən edilmiş müddətdə məhkəməyə təqdim ediləcək.
Dinc aksiyanın zorakılığa çevrilməsinə şərait yaradan və təşkil edən bütün şəxslərin əməllərinə Nazirlik tərəfindən müvafiq hüquqi qiymət veriləcək.
Dünən gün ərzində ictimai asayişin qorunması və aksiyanın dinc şəraitdə keçirilməsini təmin etmək məqsədilə Daxili İşlər Nazirliyinin müvafiq bölmələri qanunverici orqanın ərazisinə səfərbər edilib.
Daha sonra toplaşanların etirazı ifadə və dinc toplaşmaq azadlığı qanununun müəyyən etdiyi çərçivədən çıxıb və zorakılığa çevrilib.
Parlament binası yaxınlığında toplaşanlar parlamentin girişlərini bağlamağa çalışsalar da, polis buna imkan verməyib. Daxili İşlər Nazirliyi tərəfindən qanun çərçivəsində asayişin qorunması, dinc etiraz aksiyasının keçirilməsi ilə bağlı çoxsaylı çağırışlara baxmayaraq, aksiya iştirakçıları zorakılıq hərəkətlərini davam etdirib, hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar.
Polis gərginliyi azaltmaq və vəziyyəti sakitləşdirmək üçün yolu açıb və aksiya iştirakçılarını dağılışmağa çağırıb. Buna baxmayaraq, aksiya iştirakçıları Daxili İşlər Nazirliyinin əməkdaşlarına məqsədli şəkildə müxtəlif əşyalar - daş, yanar alətlər, küt əşyalar atıb, polislərə fiziki təzyiq və müqavimət göstəriblər. Mitinq iştirakçıları nazirliyə məxsus avtomobillərə ziyan vurub, yandırıb, xüsusi təyinatlı polis texnikasını zədələyiblər.
İctimai asayişin bərpası və qanun pozuntularının qarşısının alınması məqsədilə polis müvafiq xəbərdarlıqdan sonra zərurətə uyğun olaraq mütənasib güc və Gürcüstanın “Polis haqqında” Qanununda nəzərdə tutulmuş xüsusi məcburetmə vasitələrindən ardıcıl olaraq istifadə etməyə məcbur olub.
Daha sonra toplaşanlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına və parlament binasına “Molotov kokteyli” və pirotexniki vasitələr ataraq mütəşəkkil hücuma başlayıblar.
Aksiya iştirakçıları qanunverici orqanın binasını yandırıb, daş atıb, pəncərələri sındırıb və dəmir qoruyucu bəndləri zədələyib”, - Daxili İşlər Nazirliyinin məlumatında deyilir.


