08 
Mar
2023
11:00
4224

Gürcüstanda bu avtomobillərin idxalına qadağa qoyula bilər

Gürcüstanda Avro 5 avtomobillərinin məcburi standartı tətbiq ediləcək.

InterPress.ge xəbər verir ki, bununla bağlı hökumətin iqtisadi şurasının ötən həftənin sonunda keçirilən iclasında müzakirələr aparılıb.

Nəticədə 2024-cü ildən Avro 5-dən aşağı standarta malik olan avtomobillərin idxalı məhdudlaşdırılacaq ki, bu da öz növbəsində 2013-cü ildən əvvəl istehsal olunmuş avtomobillərə təsir göstərəcək.

“Bu təşəbbüsün həyata keçirilməsi atmosferə zərərli maddələrin atılmasının azaldılmasına əhəmiyyətli töhfə verəcək. Bildirilib ki, yeni avtomobillərin ölkəyə gətirilməsi ölkədə mövcud qaydalarla stimullaşdırılmışdı və yeni standartın tətbiqi atmosfer havasının yaxşılaşdırılması üçün vacibdir”, - hökumət administrasiyasının yaydığı məlumatda deyilir.

Sözügedən dəyişikliklə bağlı “Palitra” və “Palitranius”un “İş” proqramında Avtomobil İdxalçılar Birliyinin rəhbəri Laşa Darbaiseli danışıb. Onun sözlərinə görə, iqlimin qayğısına qalmaq düzgündür, amma avtomobilin texniki səmərəliliyi yalnız yaşı ilə müəyyən edilsə, bu düzgün olmaz.

“Biz razıyıq ki, həqiqətən də avtoparkın yenilənməsinə ehtiyac var, amma bu problem belə həll olunmayacaq, təkcə sektora və avtomobil idxalçılarına deyil, əhaliyə də ziyan vuracaq. Dəyişiklik nəticəsində avtomobilin və həmçinin işlənmiş avtomobil hissələrinin qiymətləri daha da artacaq.

Bundan əlavə, ətraf mühitin qayğısına qalmaqdan danışarkən, istər katalizator problemi, istər sürtkü yağlarının, istərsə də yanacağın keyfiyyətinin aşağı olması və s. daxil olmaqla avtomobillərin texniki baxışına daha çox diqqət yetirmək vacibdir”, - Darbaiseli bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər