Xarici şirkətlərə 4 milyon laridən artıq ziyan vuran şirkət rəhbərləri saxlanıldı
Saxta sənədlər hazırlamaq və istifadə etməklə dələduzluq yolu ilə külli miqdarda özgənin əmlakını əldə etmək faktı üzrə Gürcüstanda qeydiyyatda olan şirkətin iki rəhbəri saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat verib.
İstintaq müəyyən edib ki, avtomobillərin alqı-satqısı ilə məşğul olan təqsirləndirilən şəxslər xarici şirkətlərin nümayəndələrinə Gürcüstandakı mərkəzlərdən avtomobillərin alınması və çatdırılmasında yardım təklif ediblər.
“Təqsirləndirilən şəxslər özgənin əmlakını aldadaraq ələ keçirmək niyyəti ilə avtomobillərin alqı-satqısı ilə bağlı qaimə-fakturaları saxtalaşdırıblar, guya müştərinin istədiyi bahalı avtomobilləri avtomərkəzlərdən aldığına dair saxta məlumatlar daxil ediblər, mərkəzlərin hesablarına müəyyən vəsait köçürtdürüblər, təqsirləndirilən şəxslər həmin vəsaitlə istədikləri avtomobilləri alıblar, daha sonra onlar tərəfindən müxtəlif şəxslərə verilib.
Hazırkı mərhələdə xarici şirkətlərə dəymiş ziyanın ümumilikdə 4 milyon 163 min 332 lari olduğu müəyyən edilib”, - deyə məlumatda bildirilir.
İstintaq zamanı şirkət və təqsirləndirilən şəxslərin adına olan daşınmaz əmlaka və bank hesablarına həbs qoyulub.
Gürcüstan Cinayət Məcəlləsinin 210-cu maddəsinin ikinci hissəsi və 180-ci maddəsinin üçüncü hissəsi ilə istintaq aparılır və bu, 6 ildən 9 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.


