Ovçuların nəzərinə! Martın 1-dən bu qadağan edilir
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamenti əhaliyə xəbərdarlıq edir ki, ov mövsümü fevralın 28-də başa çatır; Martın 1-dən köçəri quşların ovlanması qadağan edilir.
InterPress.ge xəbər verir ki, qurum bununla bağlı məlumat yayıb.
Məlumata görə, qadağan olunmuş müddətdə ov edilərsə, qanunu pozan şəxsə qarşı müvafiq cərimə sanksiyaları tətbiq olunacaq. Bəzi hallarda əldə edilmiş əşya və ov silahları müsadirə ediləcək; Həmçinin qanuna görə, şəxs ov odlu silahı gəzdirmək hüququndan məhrum edilə bilər.
Ətraf Mühitə Nəzarət Departamentindən verilən məlumata görə, quşların qanunsuz ovlanması halında ətraf mühitə dəymiş ziyanın məbləği cəriməyə əlavə edilir. Şəxs ətraf mühitə xeyli ziyan vurubsa, həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılacaq.
Qeyri-qanuni ovun qarşısını almaq üçün martın 1-dən qurumun əməkdaşları bütün Gürcüstanda nəzarəti gücləndirəcək.
Qurum ov həvəskarlarını qanunla müəyyən edilmiş müddətlərə ciddi əməl etməyə çağırır.
Ov mövsümü bu ilin avqustunda yenidən açılacaq.


