Marneulidə Xocalı faciəsinin qurbanları yad edilib - FOTO
Fevralın 25-də Marneulidə yerləşən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya mərkəzində Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
InterPress.ge xəbər verir ki, tədbirdə ziyalılar, siyasətçilər və gənclər iştirak ediblər.
Mərkəzin icraçı direktoru Orxan Pirverdiyev tədbirin açılışını edərək ermənilərin azərbaycanlılara qarşı törətdikləri terror, soyqırım və digər cinayətlər barədə ətraflı məlumat verib, Gürcüstanda yaşayan azərbaycanlıların Xocalı soyqırımı qurbanlarının xatirəsini daim əziz tutduqlarını, ehtiramla yad etdiklərini bildirib.
Daha sonra Xocalı faciəsindən bəhs edən kiçik qısametrajlı film nümayiş olunub.
Azərbaycan Respublikasının Gürcüstandaki səfirliyinin nümayəndəsi Sərxan İsmayılov çıxış edərək, Azərbaycan hökumətinin yürütdüyü siyasətdən danışıb və Xocalı faciəsinin dünyaya çatdırılmasının önəmini vurğulayıb.
Çıxış edən digər ziyalılar isə Xocalı faciəsi tarixindən danışaraq Gürcüstan azərbaycanlılarının daim Azərbaycanın yanında olduğunu qeyd ediblər.
Məlumat üçün qeyd edək ki, 1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndində yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırım aktı həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur.





