Müxalif deputat cinsi xarakterli hərəkətlər etməkdə təqsirli bilindi və azadlıqdan məhrum edildi
Prokurorluq Qoqi Tsulaianın işi ilə bağlı bəyanat yayıb və yazıb ki, Tbilisi Apellyasiya Məhkəməsi onların apellyasiya şikayətini tam bölüşüb, Tbilisi Şəhər Məhkəməsinin qərarını ləğv edib və Qoqi Tsulaianı cinsi xarakterli digər hərəkətlər etməkdə təqsirli bilib.
InterPress.ge bəyanatı nəzərinizə çatdırır:
“Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, məhkum 2021-ci il martın 16-da siyasi fəaliyyətinə görə zərərçəkmişdən yardım məqsədilə Tbilisidə planlaşdırılan görüşə onu müşayiət etməyi xahiş edib. Tbilisiyə gəldikdən sonra təqsirləndirilən şəxs zərərçəkmişə kirayədə qalmağı təklif edib və orada spirtli içkinin təsiri altında ona qarşı zorakılıqla cinsi xarakterli hərəkətlər edib. Sözügedən zorakılıq nəticəsində zərərçəkmiş bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb”.
Tsulaia Gürcüstan Cinayət Məcəlləsinin 138-ci maddəsinin birinci hissəsi ilə ittiham olunub. Qeyd olunan maddə 4 ildən 6 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
Xatırladaq ki, Qoqi Tsulaia cinsi zorakılıq ittihamı ilə saxlanılıb, onun barəsində ilk öncə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, bu müddət ərzində siyasətçi aclıq aksiyası keçirib, vəziyyəti bir neçə dəfə pisləşib.
Müxalif siyasətçi Qoqi Tsulaia iyulun 1-də həbsdən azad edilib. Prosesdə hakim vəkilin vəsatətini təmin edib və ona 6 min lari girov tətbiq edib.
Prokurorluq sözügedən qərarla razılaşmayaraq apellyasiya şikayəti verib, Tbilisi Apellyasiya Məhkəməsi şikayəti təmin edib və 4 il müddətinə azadlıqdan məhrum edib.


