İlkin Hüseynov: "Aktual.ge səhifəsini dağıtmaq istəyirdilər, bunu edə bilmədilər və şəxsi hesabıma hücum etdilər"
"Aktual Media" - Aktual.ge xəbər portalının qurucusu İlkin Hüseynovun rəsmi "Facebook" hesabı sındırılıb.
InterPress.ge xəbər verir ki, bu barədə media rəhbərinin özü məlumat verib.
"4 Fevral səhər saatlarında rəsmi Facebook hesabıma hücum olub və bir sıra nalayiq fotolar paylaşılıb. Bunun üzərindən çox keçmədən Facebook administrasiyası hesabımı tamamilə platformadan qaldırıb və ardından platformanın qanunlarına zidd olduğuna görə ləğv edib. Üzərindən çox keçmədən eyni zamanda rəsmi İnstaqram hesabımıda sındırıblar.
Bunun bənzər formasını biz ötən ildə yaşadıq. Ötən il Aktual.ge xəbər portalının rəsmi Facebook səhifəsi bir sıra bilərəkdən edilmiş şikayətlərə məruz qaldı və bununla da səhifəmizdə 220-ə qədər spam qeydə alındı. Üstəlik Facebook tərəfindən bizə rəsmi olaraq bildirildi ki, səhifənizin aktivliyi və paylanması məhdudlaşdırılıb.
Biz ötən bir il boyunca bütün maddi çətinliklərimizlə yanaşı üstəlik də bu çətinliklər içində fəaliyyət göstərdik. Beləliklə çox dəyərli izləyicilərimizin səhifəmizi tez-tez paylaşaraq bizə dəstək olmaları ilə Aktual.ge-nin əsas səhifəsi 2022-ci ilin noyabr ayında spamdan qismən azad oldu. Bundan sonra mövcud reytinqimizdə ciddi irəliləyiş müşahidə etdik; Səhifəmizin yenidən aktivliyini hiss etdik və komandamız AktualTv internet telekanalını gücləndirmək və insanımıza daha çox xəbər vermək qərarı verdi. Beləliklə bu ilin 31 yanvar tarixindən həftəiçi 5 gün hər axşam Azərbaycan dilində canlı "Aktual Xəbərlər" buraxılışı təqdim etməyə başladıq. Cəmi 4 xəbər buraxılışı ilə hər yana səs-səda salan unikal süjetlərimizin 10 minlərlə insana çatması görünür, kimlərisə narahat edib və bu uğurumuzu gözləri götürməyib hücuma keçiblər və ilk hədəf isə Aktual.ge səhifəsini dağıtmaq olub. Lakin buna nail ola bilməsələr də, öz şəxsi hesabımı bilərəkdən Facebook qanunlarına zidd olan paylaşımlar edərək, dağıdıblar.
Bu mərhələdə rəsmi Facebook hesabım yoxdur, bu gün günorta saatlarında İnstaqram hesabımı bərpa edə bildik. Dəyərli dostlarımız - Çingiz Kazimzadə və Sunay Tağızadə Facebook administrasiyası ilə hər gün danışıqlar içindədirlər. Ümüd edirəm ki, yaxın günlərdə hesabım bərpa olunar. İrəliləyən proseslərlə bağlı ictimaiyyətə məlumat verəcəm" , - deyə İlkin Hüseynov qeyd edib.


