Rusiya-Gürcüstan yolu bağlandı
Rusiya Gürcüstanla sərhəddəki yeganə quru yol sərhəd-keçid məntəqəsi olan Zemo Lars istiqamətində nəqliyyatın hərəkətini tamamilə bağlayıb.
InterPress.ge xəbər verir ki, Rusiya mətbuatı Şimali Osetiya Fövqəladə Hallar Nazirliyinə istinadən yazır ki, buna səbəb pis hava şəraitidir və nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək mümkün deyil.
Qeyd edək ki, yol yalnız Rusiyadan gələnlər üçün bağlanıb.
Rusiya mətbuatı xəbər verir ki, Şimali Osetiya Fövqəladə Hallar Nazirliyi bu qərarı Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi və təhlükəsiz hərəkətlə izah edib. "Biz Gürcüstan Sərhəd Polisinin tövsiyələrini nəzərə almışıq", - nazirlikdən bildiriblər.
Qeyd edək ki, bundan əvvəl, yanvar ayı ərzində Şimali Osetiya Fövqəladə Hallar Nazirliyi hava şəraitini və Gürcüstan Sərhəd Polisinin tövsiyələrini nəzərə alaraq Vladiqafqaz-Lars hissəsində vaxtaşırı məhdudiyyətlər qoyub, baxmayaraq ki, bu, yalnız böyük nəqliyyat vasitələrinə şamil edilib.
Məlumat üçün bildirək ki, Zemo Lars sərhəd-keçid məntəqəsi 21 sentyabr 2022-ci il tarixində elan edilən səfərbərlikdən sonra rusların ölkəni tərk etmələri üçün əsas istiqamətlərdən birinə çevrilib. Şimali Osetiya Daxili İşlər Nazirliyinin məlumatına görə, təkcə sentyabrın 25-27-də Gürcüstana 20 mindən çox insan gəlib.
Rusiyada səfərbərlik elan edildikdən sonra Gürcüstana ümumilikdə 700 min Rusiya vətəndaşı daxil olub, onlardan 100 mini ölkədə qalıb.


