30 
Yan
2023
10:11
456

Rusiyadan pul köçürmələrinin illik artımı ilə Gürcüstan region ölkələri arasında ikinci yeri tutur

2022-ci ildə Rusiyadan Gürcüstana pul köçürmə sistemləri vasitəsilə təxminən 2 milyard dollar göndərilib ki, bu da 2012-ci ildən bəri rekord həcmdir. 

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan, Ermənistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın əməliyyatlarını özündə əks etdirən RBC agentliyinin pul köçürmələri statistikasında deyilir.

Agentliyin araşdırması pul köçürmə bank infrastrukturu və pul köçürmə sistemləri, Zolotaya Korona, Unistream və Contact-ın məlumatlarına əsaslanır.

RBC-nin məlumatına görə, 2021-ci ildə Rusiyadan Gürcüstana 411,3 milyon dollar köçürülüb ki, bununla da 2022-ci ilin göstəricisi əvvəlki rəqəmi 5 dəfə üstələyib.

2022-ci ilin 11-ci ayının yekunlarına görə, Rusiyadan Ermənistana köçürmələrin həcmi 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 4 dəfə artaraq 3,1 milyard dollar təşkil edib. Bu, 2004-cü ildən bəri rekord göstəricidir. Məlumatlara həm bank sistemindən, həm də pul köçürmə sistemlərindən köçürmələr daxildir.

2022-ci ildə Rusiyadan yalnız pul köçürmələri sistemi vasitəsilə Qazaxıstana 357 milyard tenge və ya təxminən 775,4 milyon dollar köçürülüb ki, bu da ən azı 2014-cü ildən bəri rekord məbləğdir. Dollar göstəricisi 2021-ci ildə Qazaxıstana göndərilən köçürmələrin həcmindən 6,8 dəfə çoxdur.

Rusiyadan Özbəkistana pul köçürmələrinin həcmi 2022-ci ilin sonunda 14,5 milyard dollar təşkil edib ki, bu da bir il ərzində 2,6 dəfə artıb. Ölkədə beynəlxalq pul köçürmələrinin kəskin artması Rusiya rublunun dollara nisbətdə xeyli möhkəmlənməsi və Rusiyada valyuta məhdudiyyətləri nəticəsində əmək miqrantlarının rəsmi pul köçürmə kanallarına keçməsi ilə əlaqədar olub.

2022-ci ilin yanvar-noyabr aylarında Rusiya fiziki şəxsləri Qırğızıstana yalnız pul köçürmə sistemləri vasitəsilə 2,6 milyard dollar göndərib ki, bu da 2021-ci ilin 11 ayının məlumatlarından cəmi 6% çoxdur. Bu göstərici 2005-ci ildən sonrakı dövr üçün rekord göstəricidir. Qırğızıstan Özbəkistan və Tacikistanla birlikdə Rusiyaya əmək miqrantlarının axınına görə ilk üç ölkə sırasındadır.

2021-2022-ci illərdə Rusiyadan pul köçürmələrinin həcmi necə dəyişdi - 11 ayın məlumatları belədir:

Qazaxıstan 579% çox (2022-ci ildə 0,8 milyard dollar; 2021-ci ildə 0,1 milyard dollar)
Gürcüstan - 403% çox (2022-ci ildə 2,1 milyard dollar; 2021-ci ildə 0,4 milyard dollar)
Ermənistan - 306% çox (2022-ci ildə 3,2 milyard dollar; 2021-ci ildə 0,8 milyard dollar)
Özbəkistan - 160% çox (2022-ci ildə 14,5 milyard dollar; 2021-ci ildə 5,6 milyard dollar)
Qırğızıstan - 6% çox (2022-ci ildə 2,6 milyard dollar; 2021-ci ildə 2,5 milyard dollar)

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər