Avropa Həmrəylik Korpusu nədir?
(European Solidarity Corps) yeni bir cəmiyyətə inteqrasiya edib yeni dil öyrənərək qeyri-hökumət təşkilatlarına fayda vermək istəyən gənclər üçün nəzərdə tutulmuş 4 həftədən 12 aya qədər davam edən beynəlxalq könüllülük layihəsidir. Layihə bir neçə istiqamətdən ibarətdir: rəsm və idman, təhsil və mədəniyyət, ətraf-mühit və idarəetmə və s.
Avropa Həmrəylik Korpusu gənclərin və təşkilatların Avropada birliyin, həmrəyliyin, demokratiya və vətəndaşlığın möhkəmləndirilməsinə yardım etmək üçün əlçatan və yüksək keyfiyyətli həmrəylik fəaliyyətində iştirakını artırmaq üçün, əsasən, könüllülük yolu ilə ictimai problemlərə cavab verən və cəmiyyətləri gücləndirən, sosial inteqrasiyanı təşviq etmək üçün xüsusi bir səy göstərən həmrəyliyi dəyərləndirmək məqsədi daşıyır. Bu da gənclər üçün münasib olan Avropa əməkdaşlığına kömək etməyi nəzərdə tutur.
AHK layihəsində kimlər iştirak edə bilər?
• 18-30 yaş aralığında olan hər kəs;
• İngilis dilində səlis danışıq bacarığı olan hər kəs;
• Avropa Birliyinə üzv olan ölkələrdə və ya Şərq Tərəfdaşlığı ölkələrində həmçinin Rusiya Federasiyasında yaşayan hər kəs;
Mən bir dəfədən artıq iştirak edə bilərəm?
Siz Avropa Həmrəylik Korpusunun təşkil etdiyi layihələrdə ümumilikdə 12 ay olmaq şərti ilə bir və ya iki dəfə iştirak edə bilərsiniz.
• Əgər qısamüddətli layihədə (59 gündən az) iştirak etmisinizsə, siz uzunmüddətli layihədə (12 aya qədər) iştirak edə bilərsiniz.
• Əgər uzun-müddətli layihədə (12 aya qədər) iştirak etmisinizsə, siz yenidən nə qısamüddətli, nə də uzunmüddətli layihədə iştirak edə bilməzsiniz.
Nə qədər ödəniş etməliyəm?
Siz könüllü olaraq iştirak etmək üçün ödəniş etməməlisiniz. Səyahət xərcləri (məsafəyə görə dəyişir), yemək, qonaqlama, nəqliyyat və dil kursları xərcləri Erasmus+ proqramı tərəfindən qarşılanır. Əlavə olaraq, təşkilat könüllüləri aylıq olaraq “cib-xərci” adlanan müəyyən məbləğdə pul vəsaiti ilə təmin olunurlar.
Mülki Jurnalist: Günel Kərimova