Xüsusi İstintaq Xidməti şəxsi həyat sirrini pozduğuna görə bir nəfəri saxlayıb
Xüsusi İstintaq Xidməti şəxsi həyat sirrini pozduğuna görə bir nəfəri saxlayıb.
InterPress.ge xəbər verir ki, məlumatı Xüsusi İstintaq Xidməti yayıb.
Məlumata görə, aparılan araşdırmalar zamanı müəyyən edilib ki, 1977-ci il təvəllüdlü V.Ğ. 2021-ci ilin dekabr ayından 2022-ci ilin mart ayına qədər Tbilisidəki evində birgə yaşadığı qadının gizli şəkildə intim fotolarını çəkdirib.
“Cütlük bir-birindən ayrıldıqdan sonra təqsirləndirilən şəxs şantaj etmək və qisas almaq məqsədi ilə “Facebook” sosial şəbəkəsində başqa istifadəçinin adı ilə qeydiyyatdan keçərək zərərçəkmişin intim xarakterli fotolarını yerləşdirib, zərərçəkmişin tanışlarını dost kimi əlavə edərək, yuxarıda qeyd olunan fotoşəkilləri əlçatan edib və bununla da onun şəxsi həyatına müdaxilə edib.
Xüsusi İstintaq Xidməti tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 2023-cü il yanvarın 13-də təqsirləndirilən şəxs V.Ğ. saxlanılıb.
2023-cü il yanvarın 15-də Gürcüstan Prokurorluğu adıçəkilən şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 157-ci maddəsinin birinci və ikinci hissələri ilə ittiham irəli sürüb.
Törədilən cinayət 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Xüsusi İstintaq Xidməti şəxsi həyatın toxunulmazlığının pozulmasının qarşısının alınması və cinayətdə ifşa olunan şəxslərin müəyyən edilməsi istiqamətində mübarizəni fəal şəkildə davam etdirir”, - Xüsusi İstintaq Xidmətinin yaydığı məlumatda bildirilir.


