28 
Dek
2022
13:00
1028

Şəxsi həyata məxsus olan video və fotoları yayan şəxslər saxlanıldı

Xüsusi İstintaq Xidməti tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cari ilin noyabr və dekabr aylarında müxtəlif cinayət işləri üzrə şəxsi həyat sirrini pozan 7 nəfər ifşa edilib.

InterPress.ge xəbər verir ki, bununla bağlı Xüsusi İstintaq Xidməti məlumat verib.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər qanunsuz olaraq zərərçəkmişlərin cinsi xarakterli hərəkətlərini əks etdirən intim foto və video çəkilişləri əldə edib, istifadə edib və yaymaqla onların şəxsi həyat sirrini və cinsi toxunulmazlığını pozublar. Xüsusilə, 1977-ci ildə anadan olan Z.K. 2022-ci ilin may ayında sosial şəbəkə vasitəsilə azyaşlı ilə cinsi həyatın təfərrüatları barədə danışıb, intim məzmunlu videolar göndərib. Həmçinin, oxşar foto və videolar çəkməsini tələb edib. Z.K. yetkinlik yaşına çatmayan şəxsin intim videoyazılarını qanunsuz olaraq yayıb, xüsusən də azyaşlı zərərçəkmişin sinif yoldaşına göndərib, bununla da şəxsi həyat sirrini və cinsi toxunulmazlığını pozub.

Aparılan araşdırma nəticəsində müəyyən edilib ki, 1978-ci ildə anadan olan E.Ş. və 1986-cı il təvəllüdlü N.M. 2022-ci ilin mart-sentyabr ayları ərzində bir nəfərin çılpaq bədəninin fotolarını şantaj məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayıblar, xüsusən də zərərçəkmişin ailə üzvünə göndəriblər. Sözügedən hərəkətlə təqsirləndirilən şəxslər zərərçəkmişin şəxsi həyatına müdaxilə ediblər.

İstintaq müəyyən edib ki, 1993-cü il təvəllüdlü B.B. Tbilisidə zərərçəkmişin intim videosunu qanunsuz olaraq əldə edib və saxlayıb. Təqsirləndirilən B.B. 2022-ci ilin oktyabr ayı ərzində qeyd olunan videoları ictimailəşdirmək hədəsi ilə zərərçəkmiş şəxsdən sistemli şəkildə pul alıb, bununla da zərərçəkmişin şəxsi həyatının sirrini pozub və ona maddi ziyan vurub.

Xüsusi İstintaq Xidmətinin apardığı araşdırmalar nəticəsində qeyd olunan faktlar üzrə daha 3 nəfər ifşa edilib. Onlar müxtəlif vaxtlarda Tbilisi və Sameqrelo şəhərlərində zərərçəkmişlərlə cinsi əlaqəni əks etdirən video və intim məzmunlu fotoları qanunsuz olaraq çəkib və saxlayıblar. Həmçinin, onu yaymaqla hədələməklə zərərçəkənləri yeni intim fotolar çəkib göndərməyə məcbur ediblər.

Gürcüstan Prokurorluğu İstintaq Xidməti tərəfindən cinayətdə ifşa olunmuş 6 nəfərə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 157-ci Prima maddəsinin birinci hissəsi ilə, 1 nəfərə qarşı isə 157-ci Prima maddəsinin birinci hissəsi və 141-ci maddəsi ilə ittiham irəli sürüb.

Qeyd olunan faktlarla bağlı Xüsusi İstintaq Xidməti tərəfindən araşdırmalar davam etdirilir.

Törədilən cinayət 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın