Gürcüstanda at və eşşək əti satan müəssisə aşkar edilib
Gürcüstanda kəsilən at və eşşək ətinin satışı ilə məşğul olan 2 nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, məlumatı Maliyyə Nazirliyinin əməliyyat-istintaq qrupu yayıb.
Məlumata görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər Tetritskaro bələdiyyəsində yerləşən yaşayış evlərindən birində qanunvericiliklə nəzərdə tutulmuş məcburi baytarlıq -sanitariya prosedurlarına məhəl qoymadan süni şəkildə heyvan kəsim məntəqəsi təşkil edib, orada müvafiq icazə olmadan at və eşşək ətlərini emal ediblər. Kəsilmiş ətləri isə mal əti kimi satış üçün Tbilisidəki bazarlardan birinə aparıblar.
“Aparılmış istintaq tədbirləri nəticəsində ticarət obyektindən və kəsim məntəqəsindən satış üçün hazırlanmış külli miqdarda at əti çıxarılıb, həmçinin yeni ilə qədər kəsilərək satışı planlaşdırılan onlarla at aşkar edilib”- deyə bildirilib.
İstintaq işi Gürcüstan Cinayət Məcəlləsinin 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 198, 362 və 219-cu maddələri ilə aparılır.


