09 
Dek
2022
12:39
339

Avropa İttifaqı Şurası Gürcüstana 20 milyon avro dəyərində yardım paketini təsdiqlədi

Avropa Şurası Gürcüstana Avropa Sülh Fondu (APF) çərçivəsində daha bir maliyyə yardımı paketini təsdiqləyib. 20 milyon avro dəyərində yardım ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlib və Vahid Müdafiə və Təhlükəsizlik Siyasəti (CSDP) çərçivəsində Gürcüstanın Avropa İttifaqı ilə fəal əməkdaşlığına kömək edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu il ilk dəfə olaraq Avropa sülh aləti ilə Gürcüstana kibertəhlükəsizlik sahəsində dəstək veriləcək. Həmçinin, yardım paketi hərbi-tibbi, hərbi-mühəndislik və nəqliyyat imkanlarının gücləndirilməsinə yönəldiləcək.

“Gürcüstan artıq ikinci dəfədir ki, Aİ-dən müdafiə və təhlükəsizlik sektoru üçün maliyyə yardımı alıb. Bu fakt bir daha onu göstərir ki, Aİ üçün Gürcüstan regionda ən mühüm və etibarlı tərəfdaşdır və hər iki tərəf müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsində, müxtəlif vəziyyətlərdə davamlılığın artırılmasında, o cümlədən müxtəlif hibrid təhlükələrə qarşı müqaviməti artırmaqda maraqlıdır. 

Bu mühüm qərar bir daha Gürcüstan-Aİ əməkdaşlığının dinamizmini təsdiq edir və təhlükəsizlik ölçüsünün ikitərəfli gündəliyin kritik sahələrindən biri olduğunu açıq şəkildə göstərir. Avropa İttifaqı Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə güclü dəstək verərək, Gürcüstanda sülh və sabitliyin təşviqi prosesində fəal iştirak etməkdə davam edir”, - məlumatda deyilir.
 

Bizimlə əlaqə saxlayın