Ölkəni tərk edərək terror təşkilatına qoşulan Gürcüstan vətəndaşı saxlanıldı - FOTO
Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi antiterror fəaliyyəti zamanı əldə etdiyi sübutlar əsasında Gürcüstan vətəndaşı Çiskara Toxosaşvilini Tbilisi Beynəlxalq Hava Limanında saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.
Toxoşaşvili 2015-ci ildə Gürcüstanı tərk edib, Yaxın Şərqə gedib və bölgədə fəaliyyət göstərən terror təşkilatına qoşulub. “Əmir İsa” kimi tanınan Toxoşaşvili terror təşkilatının üzvləri arasında kifayət qədər nüfuzlu şəxs hesab olunub. O, Suriya və İraq ərazisində terror fəaliyyətlərində və davam edən döyüş əməliyyatlarında fəal iştirak edib. O, bir müddət terror təşkilatının münaqişə bölgəsindəki bölmələrindən birinə rəhbərlik edib. Onun terror təşkilatının müxtəlif nüfuzlu liderləri ilə yaxın münasibətləri olub.
Qeyd edək ki, 2019-cu ildə birgə əməliyyat nəticəsində Çiskara Toxosaşvilinin kiçik qardaşı Sezar Toxosaşvili də saxlanılıb. Hazırda o, Gürcüstanda cəzasını çəkir.
Terrorla Mübarizə Mərkəzi Gürcüstan Cinayət Məcəlləsinin 328-ci maddəsi ilə, xarici terror təşkilatına qoşulma və terror fəaliyyətinə yardım etmə faktı ilə istintaqı davam etdirir. Cinayət on ildən on yeddi ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.



