Gürcüstan ziyalıları Şərq-Qərb Tədris Universitetində müəllim hazırlığı üzrə fakultələrin açılması ilə bağlı müraciət ünvanlayıblar-FOTO
Gürcüstan ziyalıları Şərq-Qərb Tədris Universitetində müəllim hazırlığı üzrə fakultələrin açılması ilə bağlı müraciət ünvanlayıblar
19 noyabr tarixində Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində Azərbaycanda fəaliyyət göstərən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, eləcə də Tbilisidə yeni fəaliyyətə başlayan Şərq-Qərb Tədris Universitetinin həmtəsisçisi, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor, akademik Hamlet İsaxanlı ilə Gürcüstan azərbaycanlılarının görüşü keçirilmişdi. Görüşdə icmanı narahat edən təhsil sahəsində yaşanan problemlər və həlli yolları müzakirə edilmişdir. Qonaqları salamlayan gənc alim, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva təhsil sahəsində yaşanan problemlərdən, Azərbaycan məktəblərinin ilbəil sayının azalmasından, milli məktəblərdə kadr çatışmamazlığından, problemləri həll etmək üçün atılan addımlardan, Gürcüstanın dövlət strukturlarına edilən müraciətlərdən görüş iştirakçılarına ətraflı məlumat vermişdir. Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşı, müşavir Eldar Bayramov Azərbaycan dövlətinin Gürcüstan azərbaycanlılarına göstərdiyi dəstəkdən, təhsil sahəsinə edilən investisiyalardan, SOCAR-ın Gürcüstan nümayəndəliyi tərəfindən Gürcüstanın ali təhsil ocaqlarında təhsil alan gənclərin təhsil haqqlarının qarşılanmasından və bu yöndə dəstəyin davamlı olaraq həyata keçiriləcəyindən bəhs etmişdir. Görüşün təşkil edilməsi üçün minnətdarlığını bildirən professor Hamlet İsaxanlı Xəzər Universitetini təsis etdiyi zaman keçdiyi keşməkeşli yollardan, Gürcüstanda həmtəsisçisi olduğu universitetdən və hər zaman Gürcüstan azərbaycanlılarına dəstək olmağa hazır olmağından danışdı.
Görüşdə Borçalının müxtəlif şəhər və kəndlərindən müəllimlər, ziyalılar, qeyri-hökümət təşkilatlarının nümayəndələri, gənclər iştirak etdilər.
Qeyd edək ki, Tbilisidə fəaliyyət göstərən Şərq-Qərb Tədris Universiteti bu il avqust ayının 9-da beynəlxalq akkreditasiyadan keçmişdir. Gürcüstan ziyalıları Şərq-Qərb Tədris Universitetinin nəzdində müəllim hazırlığı, həmçinin teatr və jurnalistika üzrə fakultə və departamentlərin açılması ilə bağlı professor Hamlet İsaxanlıya müraciət ünvanlayıblar.
Professor Hamlet İsaxanlı ilə yanaşı universitetin digər həmtəsisçisi İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin keçmiş prorektoru, professor Teymuraz Xurodzedir, həmçinin universitetin yaranmasını Gürcüstanın tanınmış iş adamı, Ph.D Zaza Nişnianidze də dəstəkləyib.



