Gənc ilahiyyatçı Xəzər Tv-nin hazırladığı reportaja münasibət bildirdi
Xəzər TV-nin son günlərdə hazırladığı qərəzli video reportajda iki əsas məsələ hədəfə alınıb;
Məzhəb və İranda dini təhsil alan din xadimləri.
Əsas səbəb isə Azərbaycan və İranın son zamanlar siyasi maraqlarının üst-üstə düşməməsidir.
InterPress.ge xəbər verir ki, bir neçə gün öncə Xəzər TV tərəfindən Gürcüstanda yasayan müsəlmanlarla bağlı hazırladığı reportaja gənc İlahiyyatçı Kamran Məmmədov münasibət bildirib.
"Bəli İranın ikinci Qarabağ müharibəsində atdığı bir sıra addımlar bizim üçün də məqbul deyil. Hər addımını dəstəkləyirik də demirik. İranın iqtisadi və geopolitik maraqları var, atdığı addımlarda da bunu mütləq nəzərə alırlar. Biz isə Gürcüstanda yaşadığımız üçün o maraqlar bizim üçün keçərli deyil, bizim üçün keçərli olan dini maraqlara görə atılan addımlardır.
Əsas məsələ budur ki, niyə din və məzhəbi siyasi oyunlara alət edirsiniz? Bu hadisələrin dinə, məzhəbə və yaxud İranda dini təhsil alan tələbələrlə nə əlaqəsi var?
İranda təhsil alan ruhanilər dövlətinə, vətəninə sevginin imandan olmasını hər zaman deyiblər. Gəncləri dövlət dilini bilməyə, ali təhsilə təşviq ediblər. Dini dəyərlərlə bərabər milli dəyərlərimizin zəruriliyini insanlara çatdırıblar.
9 aprellə yanaşı 20 yanvar faciəsi üçün də tədbirlər keçiriblər. Heç bir maddi dəstək olmadan xocalı soyqrımını hər zaman qeyd ediblər.
44 günlük müharibədə hər qarış torpağın alınmasına sevinib, şəhidlər üçün məscidlərdə anım mərasimləri keçirib və hər zaman bu haqlı mübarizədə Azərbaycanın yanında olduqlarını deyiblər. Əlbəttə bunları işıqlandırmaq Xəzər TV-nin maraqlarına uyğun olmadığı üçün heç bir reportaj hazırlamayıb.
Görünən odur ki, yaranan siyasi məsələləri fürsət bilib, bulanmış sudan balıq tutmaq istəyənlər var.
Gürcüstanda yaşayırıq və bizim birliyimiz ölkələrin siyasi maraqlarına görə formalaşmamalıdır",- K. Məmmədov qeyd edir.
Qeyd edək ki, Xəzər TV Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı bölgələrlə yanaşı paytaxt Tbilisidə qalmaqallı xüsusi buraxılış hazırlayıb. Süjetdə Gürcüstan azərbaycanlıları arasında İran İslam Respublikasının maraqları araşdırılıb və bu istiqamətdə sadə vətəndaşlar və ruhanilərin fikirləri alınıb.
Süjetdə həmçinin "İranın Gürcüstandakı səfir səlahiyyətlərinin müvəqqəti icraçısı Məhəmməd Qubadiradın bu il Marneulidə baş tutmuş Tasua yürüşündə iştirak etməsi Azərbaycan Respublikasına meydan oxumaq idi"- fikri səsləndirilib.


