2023-cü ildən bu şəxslərin maaşlarının artırılması planlaşdırılır
2023-cü ildə səhiyyənin maliyyələşdirilməsinə 1 milyard 600 milyon laridən çox vəsait ayrılıb.
InterPress.ge xəbər verir ki, bu barədə maliyyə naziri Laşa Xuçişvili parlamentdə bildirib.
Səhiyyənin maliyyələşdirilməsi üçün ayrılan büdcə çərçivəsində:
• Ümumi səhiyyənin maliyyələşdirilməsi 850 milyon lari təşkil edir. Proqram çərçivəsində növbəti ildə xroniki dərman vasitələrinin maliyyələşdirilməsi əhəmiyyətli dərəcədə genişləndiriləcək, eləcə də bir sıra istiqamətlər üzrə yeni maliyyələşdirmə həyata keçiriləcək.
• İlkin və təcili tibbi yardımın göstərilməsi üçün 190 milyon laridən çox pul ayrılıb. Proqram çərçivəsində fövqəladə hallar xidmətinin əməkdaşlarının əməkhaqlarının 10 faiz artırılması nəzərdə tutulur. Həmçinin kənd həkimlərinin və tibb bacılarının maaşları 100 lari artırılacaq;
• Səhiyyə infrastrukturunun yaxşılaşdırılmasına 97 milyon lari ayrılıb;
• Koronavirusla bağlı xərclər təxminən 500 milyon lari azalır və bu mərhələdə 63 milyon lari nəzərdə tutulub.
• Bələdiyyələrin səhiyyə proqramlarının maliyyələşdirilməsi 85 milyon lari təşkil edir;
• Digər səhiyyə proqramlarına 340 milyon lariyə qədər vəsait ayrılır.


