Gürcüstana ən çox hansı ölkələrdən ziyarətçi gəlib?
2022-ci ilin III rübündə Gürcüstana ən çox ziyarətçi Rusiya Federasiyasından (443,6 min nəfər) qeydə alınıb ki, bu da ümumi ziyarətçilərin 27,7 faizini təşkil edir.
InterPress.ge xəbər verir ki, Milli Statistika Xidməti Gürcüstana gələn xarici qonaqlarla bağlı statistik məlumatları dərc edib.
Məlumata görə, 2022-ci ilin üçüncü rübündə Gürcüstan ərazisinə 2,3 milyon beynəlxalq qeyri-rezident səyahətçi daxil olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,8 dəfə çoxdur.
“Gələnlər arasında 42,9 faiz ilə 31-50 yaşlı səyahətçilər üstünlük təşkil edir. Qeyd olunan saydan beynəlxalq ziyarətçilərin səfərlərinin sayı 1,9 milyon nəfər təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrünün göstəricisindən 2,6 dəfə çoxdur.
2022-ci ilin üçüncü rübündə ən çox ziyarətçi, 443,6 min nəfər Rusiya Federasiyasından qeydə alınıb ki, bu da ümumi ziyarətçilərin 27,7 faizini təşkil edir. İkinci yerdə 15,3 faizlə Ermənistan, üçüncü yerdə isə 13,7 faizlə Türkiyə qərarlaşıb. Müvafiq olaraq, ən çox səfərlər Rusiya Federasiyası (533,2 min), Ermənistan (326,0 min) və Türkiyə (281,3 min) vətəndaşları tərəfindən həyata keçirilib.
Ziyarətçilərin əksəriyyəti, 47,3 faizi 31-50 yaş qrupuna aiddir. Qadınların sayı ümumi ziyarətçilərin 44,9 faizini təşkil edib. 2022-ci ilin üçüncü rübündə ziyarətlərin əksəriyyəti (60,3 faiz) əyləncə və istirahət məqsədi ilə həyata keçirilib. 2022-ci ilin III rübündə həyata keçirilən səfərlər zamanı çəkilən xərclər 4,6 milyard lari təşkil edib. Bir səfərin orta qiyməti 2411,4 lari təşkil edib”, - deyə məlumatda bildirilir.


