Mixeil Saakaşvilinin məhkəməsi təxirə salındı
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin 7 noyabr hadisələri ilə bağlı məhkəməsi bu gün təxirə salınıb.
InterPress.ge xəbər verir ki, məhkəmə dekabrın 22-də, saat 14:00-da keçiriləcək.
Məhkəmədə cəzaçəkmə müəssisəsinin təqdim etdiyi protokol oxunub. Orada izah edilib ki, Saakaşviliyə prosesdə iştirak etmək, eləcə də distant prosesdə iştirak etmək təklif olunub. O isə bundan imtina edib. Protokola əsasən, Saakaşvili səhhəti ilə əlaqədar iclasda iştirakdan imtina edib.
Məhkəmənin məlumatına görə, məhkəmə prosesində tibbi sənədlər təqdim olunmayıb. Bununla bağlı vəkil Dimitri Sadzaqlişvili izah edib ki, ötən iclasda da oxşar hadisə baş verib.
“Əvvəlki prosesdə də analoji hal olub, klinikadan tibbi sənədlər təqdim olunmayıb. Biz klinikadan arayış verilməsini tələb etmişik, klinika bundan imtina edib. İmtinada qeyd olunub ki, yalnız məhkəmə tərəfindən tələb olsa arayış təqdim ediləcək. Ona görə də arayışın verilməməsinə nəyin səbəb olduğunu bilmirik”, - Sadzaqlişvili bildirib.
Məlumat üçün bildirək ki, dövlət ittihamnaməsində Mixeil Saakaşvili 2007-ci il noyabrın 7-də etirazçılara kütləvi basqın etməkdə, “İmedi” telekanalına soxulmaqda və Badri Patarkatsişviliyə məxsus əmlakı cinayət yolu ilə ələ keçirməkdə ittiham olunur.
Gürcüstanın keçmiş prezidentinə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsinin üçüncü hissəsi ilə ittiham irəli sürülüb, bu, fiziki və ya hüquqi şəxsin, cəmiyyətin hüquqlarının və ya dövlətin qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan vəzifə səlahiyyətlərini aşma deməkdir. Qeyd olunan ittiham 5 ildən 8 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.


