Gürcüstanda İran vətəndaşı saxlanıldı
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində külli miqdarda saxta valyutanın satılması faktı ilə bağlı İran vətəndaşını saxlayıblar.
InterPress.ge xəbər verir ki, bununla bağlı İstintaq Xidməti məlumat yayıb.
Məlumata görə, istintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs qanunsuz maddi mənfəət əldə etmək məqsədilə Batumi şəhərində 5000 ABŞ dolları dəyərində saxta 50 dollarlıq əskinaslar satıb.
“Aparılmış istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxsin yaşadığı ünvana baxış zamanı əlavə olaraq 7000 ABŞ dolları götürülüb və müvafiq ekspertiza təyin edilib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 212-ci maddəsinin 2-ci hissəsi ilə aparılır", - məlumatda deyilir.


