31 yaşlı qadının ölümündə həkimlər günahlandırılır
Kareli bələdiyyəsinin Ruisi kəndində 31 yaşlı qadın ölüb.
InterPress.ge xəbər verir ki, mərhum Nino Abramovun yaxınları hadisədə təcili yardım briqadasını günahlandırır.
Mərhumun atasının sözlərinə görə, qızına vaxtında köməklik göstərilməyib.
“Qızım ailəsi ilə Qori bələdiyyəsinin Nacreti kəndində yaşayırdı və Ruisidə gündəlik işləyirdi. Hər gün Nacretidən işə gedirdi. Yanında olanların dediyinə görə, bağçada işləyərkən halı pisləşib və təcili yardım çağırıblar, təcili yardım qızımı xilas etmək üçün heç nə etməyib və onun öldüyünü qeyd ediblər. Üzərini örtmüşdülər və xəstəxanaya aparılmasını gözləyirdilər, amma biz gələndə hələ də nəbzi atırdı. Qoridəki xəstəxanaya apardıq, amma artıq gec idi. Vaxtında təcili yardım onu klinikaya aparsaydı, əminəm ki, sağ qalardı. Qızım astma xəstəsi idi. Əvvəllər problemləri var idi, amma həkimlər ona həmişə kömək edirdilər. İndi də onun sağ olub-olmadığını dəqiqləşdirib vaxtında köməklik göstərsəydilər, sağ qalardı”, - deyə mərhum qadının atası Qela Abramov bildirib.
“Qormedi” tibb mərkəzinin klinik direktorunun verdiyi məlumata görə, xəstə tibb müəssisəsinə daxil olan zaman ölü olub.
Nino Abramovun dörd azyaşlı övladı var.


