Gürcüstanda son 9 ayda nə qədər yol qəzası baş verib?
9 ayda Gürcüstanda 4060 yol qəzası baş verib, 306 nəfər ölüb, 5704 nəfər xəsarət alıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı “Təhlükəsiz Yollar Uğrunda Gürcüstan Alyansı” yayıb.
“Təhlükəsiz Yollar Uğrunda Gürcüstan Alyansının” sədri Eka Laliaşvilinin qeyd etdiyinə görə, bu ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələri 6% azalıb, lakin xəsarət alanların və ölənlərin sayı azalmayıb.
“Bu, o deməkdir ki, avtomobil qəzalarının ciddi nəticələri var və onların azaldılması itkilərin azalmasına təsir göstərmir. İsveçin təşəbbüsü ilə irəli sürülən “sıfır baxış” prinsipi dünyada fəal şəkildə yayılır – yol-nəqliyyat hadisələri baş verə bilər, lakin əsas odur ki, qəzalar ölümcül və ağır nəticələrlə bitməsin.
Avropa ölkələrinin paylaşdığı və nail olmaq üçün fəal şəkildə hərəkət etdiyi “sıfır baxış” Gürcüstanda yol təhlükəsizliyi strategiyasının və fəaliyyət planının da əsasını təşkil edir, lakin statistikanı təhlil edəndə belə bir sual yaranır ki, qurbanların sayını azaltmaq üçün biz nə edirik? Biz hansı insan və ya maliyyə resurslarını qoyuruq ki, vətəndaşlarımız avtomobil qəzasında ölməsin? Niyə biz, avtomobillərdə arxa təhlükəsizlik kəmərindən istifadə haqqında qanun, əhalinin sıx məskunlaşdığı yerlərdə sürət həddinin azaldılması, məktəb zonalarının tətbiqi, bal sisteminin idarə olunmasının keyfiyyətinin yüksəldilməsi ilə bağlı fəal işə başlamırıq?" - Eka Laliaşvili deyib.


