Bu şəxslərə verilən pul yardımlarının hər il artırılması planlaşdırılır
2023-cü ildə sağlamlıq imkanları məhdud şəxslər və əlil uşaqlar üçün sosial paket 65 lari, digər kateqoriyadan olan əlillər üçün isə 35 lari artacaq.
InterPress.ge xəbər verir ki, əlilliyi olan şəxslərin sosial paketi indeksasiya üsulu ilə hesablanacaq.
Hökumət “Sosial yardım haqqında” qanuna 2021-ci ildən pensiyaçılara şamil edilən sosial paketin indeksləşdirilməsinin eyni prinsipinin tətbiq ediləcəyini nəzərdə tutan dəyişiklik layihəsini parlamentin müzakirəsinə təqdim edib.
Bildirilib ki, qanun layihəsi qəbul olunarsa, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial vəziyyəti yaxşılaşacaq, çünki onlar üçün nəzərdə tutulan sosial paketin məbləğinin hər il artırılması təmin olunacaq. O cümlədən, birinci qrup əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial paket 65 lari, digər kateqoriyadan olan əlillər üçün sosial paketin məbləği isə 35 lari artacaq.
Hökumətin məlumatına görə, sosial paketin məbləğinin artması təxminən 132 000 nəfərə təsir edəcək.
“Qeyd etmək lazımdır ki, praktikada iqtisadi artımın və inflyasiyanın faktiki göstəriciləri nəzərə alınmaqla, 2023-cü ildə ağır əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial paket 65 lari, digər kateqoriyadan olan əlillər üçün isə - 35 lari artacaq. Lakin iqtisadi artım və inflyasiya göstəriciləri aşağı olarsa, ağır əlilliyi olan şəxslər və əlilliyi olan uşaqlar üçün təminatlı sosial paketin məbləğində artım ən azı 25 lari, bütün digər əlillərdə isə - 20 lari olması nəzərdə tutulur", - layihənin izahat qeydində qeyd olunub.


