28 
Okt
2022
17:18
384

Dərmanlar ucuzlaşacaq - Nazir müavinindən açıqlama

"Dərmanların istinad qiymətlərinin müəyyən edilməsi əczaçılıq bazarına çox müsbət təsir göstərəcək və bu, dərmanları xeyli ucuzlaşdıracaq".

InterPress.ge xəbər verir ki, bu barədə nazir müavini İlia Ğuduşauri bildirib.

Onun sözlərinə görə, ilk mərhələdə xroniki və onkoloji xəstəliklərin müalicəsi üçün dərman vasitələrinə istinad qiymətləri müəyyən ediləcək.

“Biz artıq islahatın birinci hissəsini əczaçılıq sektorunun nümayəndələrinə təqdim etmişik. Əsas prinsiplər müəyyən edilib. Sektordan konkret sualları və şərhləri gözləyirik. Düşünürəm ki, plana əsasən yanvarın 1-dən islahat başlanacaq.

İlkin mərhələdə xroniki və onkoloji xəstəliklərin müalicəsi üçün dərman vasitələrinə istinad qiymətləri müəyyən ediləcək. Bundan sonra biz onun gedişatını izləyəcəyik və plana əsasən, Gürcüstanda qeydiyyatdan keçəcək bütün dərmanlar üçün maksimum yuxarı hədd müəyyən ediləcək. Bu, istinad ölkələrin təhlilinə və statistikaya əsaslanacaq.

Dəyişiklik əczaçılıq bazarına çox müsbət təsir edəcək və dərmanları xeyli ucuzlaşdıracaq”, - İlia Ğuduşauri bildirib.

Xatırladırıq ki, istinad qiymət mexanizminin hazırlanması prosesində Səhiyyə Nazirliyinin nümayəndələri yerli və beynəlxalq ekspertlərlə birgə işləyirlər.

Dəyişikliyin məqsədi dərman vasitələrinə əlçatanlığı artırmaq və ədalətli marketinqi təmin etməkdir. Məlumatı Səhiyyə Nazirliyi yayıb.

Bizimlə əlaqə saxlayın