İsrail Ukraynaya silah və hava hücumundan müdafiə sistemləri verməyəcək
İsrailin baş naziri Yair Lapid bildirib ki, İsrail Ukraynaya nə silah, nə də hava hücumundan müdafiə sistemləri verməyəcək.
InterPress.ge xəbər verir ki, o, bu barədə İsrail mətbuatına müsahibəsində bildirib.
Onun sözlərinə görə, İsrail Ukraynanı dəstəkləyir və Rusiyanın işğalını pisləyir, lakin ölkə lideri kimi o, “İsrailin milli və müdafiə maraqlarını” nəzərə almağa borcludur. Onun dediyinə görə, Ukraynaya silahla kömək edən bütün ölkələr bu qərarı öz ölkələrinin müdafiə maraqlarını nəzərə alaraq verir və onlar da bu cür davranırlar.
“Biz Ukraynanı dəstəklədik. Biz birinci olmuşuq və səhv etmirəmsə, Ukraynaya səhra xəstəxanası göndərən yeganə ölkə olaraq qalırıq. Biz Ukraynaya humanitar yardım göndərmişik və göndərməkdə davam edirik, mülki xəbərdarlıq sistemlərini təklif etmişik və təklif etməkdə davam edirik. Təbii ki, biz BMT-də səs verdik və qınadıq, həm işğalın özünü, həm də Buçadakı qətlləri tamamilə yekdilliklə pislədik.
Amma mən İsrailin baş naziriyəm və İsrailin milli və müdafiə maraqlarını nəzərə almaq mənim borcumdur. Bununla bağlı həllini gözləyən çox mühüm məsələlər var. Mən mürəkkəb sualların sadə cavablarına inanmıram. Ukraynaya silah verən nə amerikalılar, nə də ingilislər Rusiya tank karvanını bombalamaq üçün öz hava hücumundan müdafiə vasitələrini göndərməyiblər. Hər kəs öz özünümüdafiə maraqlarını nəzərə alır və mən də bunu edəcəyəm”, - Lapid bildirib.
Bundan əlavə, “Dəmir günbəz” hava hücumundan müdafiə sistemlərinin Ukraynaya verilməsinin hansı problem yarada biləcəyi ilə bağlı suala İsrailin baş naziri bunun “sərhədi keçmək” olacağını bildirib və bunu ölkənin təhlükəsizliyinin maraqları baxımından yanlış hesab edir.
“Bu, bir növ sərhədi keçməkdir, bir çox səbəblərə görə mənə yanlış görünən keçiddir. Mən milli təhlükəsizliyimiz üçün vacib olan bir sıra arqumentlərdən danışıram. Təfərrüatları danışmayacağam, amma belə bir siyasəti düzgün hesab edirəm. Bu, bizim Ukraynaya dəstəyimizi və ərazi bütövlüyü prinsipinə sadiqliyimizi pozmur”, - deyə İsrailin baş naziri bildirib.
Oktyabrın 20-də Ukrayna hökuməti yəhudi təşkilatlarına müraciət edərək Ukraynaya İsraildən müasir hava hücumundan müdafiə sistemləri almağa köməklik göstərmələrini xaiş edib.
İsrailin Ukraynaya hərbi texnika göndərməmək siyasəti var, lakin oktyabrın 16-da İsrailin diasporla iş üzrə dövlət naziri Naçman Şai rəsmi Təl-Əvivin Ukraynaya hərbi yardım göstərməsini təklif edib.
İsrail dünyanın ən müasir hava hücumundan müdafiə sistemlərindən birinə malikdir, o cümlədən bəziləri İranın ballistik raketləri və uzaq mənzilli pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün nəzərdə tutulub.


