Odlu idman silahları ilə bağlı qaydalar dəyişir
Odlu idman silahları ilə bağlı qaydalar dəyişir.
InterPress.ge xəbər verir ki, artıq hökumət Daxili İşlər Nazirliyinin hazırladığı “Silahlar haqqında” qanuna dəyişiklikləri parlamentə təqdim edib.
Əvvəla, qeyd etmək lazımdır ki, termin yeni şəkildə müəyyən edilir:
Odlu idman silahları - mədəniyyət, idman və gənclər nazirinin və daxili işlər nazirinin birgə əmri ilə təsdiq edilmiş xüsusi siyahıda göstərilən odlu silahlardır.
Layihə odlu idman silahlarının alınması ilə bağlı icazələrin növlərini dəyişdirir. Qısalüləli odlu idman silahının alınmasına saxlamaq hüququ ilə, qısa hamar və ya uzunlüləli odlu idman silahına isə saxlamaq və gəzdirmək hüququ ilə icazə verilir. Dəyişikliyə əsasən, qısalüləli silahların alınmasına icazə yalnız saxlama hüququ ilə verilir.
Gürcüstan Milli Atıcılıq Federasiyasının və onun üzvü olan hüquqi şəxsin/fərdi sahibkarın silah və sursatların alınması ilə bağlı hüquqları artır. Xüsusilə, onlara ov və odlu idman silahları, ov və idman pnevmatik silahlar, onların əsas elementlərini və mülki dövriyyəyə buraxılan sursatları/mərmiləri almağa icazə verilir. Üstəlik, qeydiyyatdan keçmək öhdəliyi onlara şamil edilsə də, satınalma icazəsi tələb olunmur. Silah qeydiyyata alınarkən hər bir silah üçün silah qeydiyyatı haqqında vəsiqə verilir.
Federasiya ilə yanaşı, odlu silahı, onun əsas elementlərini və döyüş sursatlarını almaq hüququ qapalı və ya yarımqapalı tir, atıcılıq poliqonu və ya atıcılıq-ov stendinin açılmasına icazəsi olan fiziki və ya hüquqi şəxsə də verilir. Silahların qeydiyyata alınması öhdəliyi qeyd olunan şəxslərə də şamil edilir.
Qapalı və ya yarımqapalı tir, atıcılıq poliqonu və ya atıcılıq-ov stendinin ərazisində mühafizə ilə bağlı məsələlər, o cümlədən atıcıların davranışı və qeydləri, atıcıların mövqelərinin qeydə alınması, silahın qeydə alınması, verilməsi, yerdəyişməsi, istifadəsi qaydaları müvafiq icazəyə malik olan hüquqi şəxs/fərdi sahibkar tərəfindən Gürcüstanın Daxili İşlər Nazirliyinin tələblərinə uyğun olaraq müəyyən edilir.
Xidmət Agentliyi hüquqi şəxslər tərəfindən alınmış silahların qanunla müəyyən edilmiş qaydada qeydiyyatını və qeydiyyat vəsiqəsinin verilməsini həyata keçirir. Silahın qeydiyyatı qaydaları və qeydiyyat vəsiqəsinin şərtləri Gürcüstanın daxili işlər nazirinin əmri ilə təsdiq edilir.
Silahların alınması ilə yanaşı, Federasiyaya və onun üzvü olan hüquqi şəxsə/fərdi sahibkara ov və ya idman odlu silahları, onların əsas elementlərini və/və ya döyüş sursatlarını müvafiq icazə əsasında Gürcüstandan çıxarma (tranzit və təkrar ixrac istisna olmaqla) və Gürcüstana gətirmək səlahiyyəti verilir.
Pnevmatik silahlara gəlincə, parlamentə təqdim olunan layihəyə əsasən, mülki dövriyyəyə buraxılmış pnevmatik silahların Gürcüstana gətirilməsinə, aparılmasına, habelə daşınmasına və göndərilməsinə icazə tələb olunmur.


