Tbilisidə HZ. Məhəmməd Peyğəmbərin mövlud gününə həsr olunmuş konfrans keçirildi - FOTO
Tbilisidə HZ. Məhəmməd Peyğəmbərin (S) mövlud gününə həsr olunmuş, "İslam peyğəmbərinin (s) örnək ictimai həyatı və ümmətə tapşırığı" mövzusunda konfrans keçirildi.
InterPress.ge xəbər verir ki, "Alulbeyt" Mərkəzində təşkil olunan konfransda Azərbaycan, Türkiyə və İran İslam Respublikası səfirliyinin nümayəndələri, din, elm və ictimai xadimlər iştirak edirdi.
Konfransda Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Ramin İgidov, BGMİ-nin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov, Qərbi Gürcüstan müftisi Hacı Adəm Şantadze, Azərbaycan Respublikası səfirliyinin müşaviri Eldar Bayramov, Türkiyə səfirliyinin din işləri üzrə müşaviri Hacı Ahmed Erdem, Beynəlxalq Almusta Universitetinin nümayəndəsi Hacı Həsən Yusifzadə və başqaları mövzu ətrafında çıxış etdilər.
Hacı Rahid Kərimovun Qurani-Kərimdən ayələrin tilavətindən sonra açıq elan olunan konfransda İnsanlığa nümunə olaraq təqdim olunan Məhəmməd Peyğəmbərin (s) ictimai həyat tərzi, ailədə, ümmət arasında və qeyri müsəlmanlarla münasibətdə örnək rəftar və davranışı haqda danışıldı. Həzrətin (s) ümmətə vəhdət haqda tapşırığı və ümmətinin gələcəyi ilə bağlı nigarançılıqları barədə ətraflı məlumatlar verildi.
Konfrans dua oxunmaqla sona çatıb. İştirakçlara Azərbaycanca Qurani-Kərimin tərcüməsi, İslam dini və Peyğəmbərimizdən bəhs edən kitablar hədiyyə olundu.



