Polis Marneulidə bir nəfəri saxladı
Hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisidə və regionlarda qanunsuz odlu silah və sursat götürüb, 5 nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi bununla bağlı məlumat yayıb.
Qurumun məlumatına görə, sübut kimi qanunsuz odlu silah və döyüş sursatı götürülüb.
“Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində müxtəlif vaxtlarda Tbilisi, Kvemo Kartli, Şida Kartli və Acarıstanda 5 nəfər saxlanılıb, qanunsuz odlu silah və sursat maddi sübut kimi götürülüb.
Tbilisi Polis Departamentinin İsani-Samqori Baş Bölməsinin əməkdaşları, 1988-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Q.Ç.-ni qanunsuz odlu silah əldə etmək və saxlamaqda ittiham edərək saxlayıblar.
Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları xarici ölkə vətəndaşı - 1980-ci il təvəllüdlü M.Q.-ni qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq, saxlamaq və gəzdirmək ittihamı ilə saxlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları M.Q. -ni maşın sürərkən saxlayıblar.
Qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmək, saxlamaq və gəzdirməkdə təqsirli bilinən, əvvəllər məhkum olunmuş 1999-cu il təvəllüdlü S.A.nin şəxsi axtarışı nəticəsində Qardabani Rayon Şöbəsinin əməkdaşları tərəfindən tapança maddi sübut kimi götürülüb.
Şida Kartli Polis Departamentinin Xaşuri Rayon Şöbəsinin əməkdaşları, 1974-cü il təvəllüdlü Z.Ğ.-ni qanunsuz olaraq odlu silah və döyüş sursatı, o cümlədən narkotik maddə əldə etmək və saxlamaq ittihamı ilə tutublar.
Acarıstan Polis Departamentinin Xelvaçauri Rayon Şöbəsi və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük İdarəsinin əməkdaşları birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah-sursatın əldə edilməsi, saxlanması və gəzdirilməsi və qanunsuz olaraq ölkəyə gətirilməsi faktı aşkar ediblər. Polis 1989-cu il təvəllüdlü A.B.-ni sözügedən cinayətə görə Xelvaçauridə saxlayıb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 236, 214, 260 və 273-cü maddələri ilə aparılır”, - Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.


