Gürcüstanda muzdlu işçilərin orta aylıq əməkhaqqı artıb
2021-ci ildə Gürcüstanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı ötən illə müqayisədə 9,5 faiz (113,5 lari) artaraq 1304,5 lari təşkil edib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.
Statistikaya görə, 2021-ci ildə əvvəlki illə müqayisədə maaş artımı əksər sektorlarda müşahidə olunub.
Fəaliyyət növlərinə görə aşağıdakı sahələrdə nisbətən yüksək əməkhaqqı qeydə alınıb:
⦁ Maliyyə və sığorta fəaliyyəti - 2 368,1 lari (əvvəlki ilə nisbətən 9,8 faiz artıb);
⦁ Peşə, elmi və texniki fəaliyyət - 2 075,3 lari (əvvəlki ilə nisbətən 12,0 faiz artıb);
⦁ İnformasiya və rabitə - 2 030,9 lari (əvvəlki ilə nisbətən 7,7 faiz artıb).
Məlumata görə, 2021-ci ildə qadınların orta aylıq əməkhaqqı 1055,5 lari, kişilərinki isə 1537,9 lari müəyyən edilib.
“Əməkhaqqının illik artımı qadınlarda - 10,8 faiz, kişilərdə - 9,2 faizdir. Fəaliyyət növlərinə görə, demək olar ki, bütün sahələr üzrə kişilərin orta aylıq əməkhaqqı qadınların orta aylıq əməkhaqqını üstələyib. 2021-ci ildə dövlət sektorunda muzdla işləyənlərin orta aylıq əməkhaqqı qeyri-dövlət sektorunda işə qəbul edilənlərdən 291,4 lari az olub. Bundan əlavə, 2020-ci illə müqayisədə dövlət sektorunda əməkhaqqı 9,1 faiz, qeyri-dövlət sektorunda isə 9,6 faiz artaraq 1117,2 və 1408,7 lari təşkil edib.
2021-ci ildə sahibkarlıq (biznes) sektorunda muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 10,2 faiz artaraq 1347,6 lari təşkil edib. Fəaliyyət növlərinə görə ən yüksək əməkhaqqı peşə, elmi və texniki fəaliyyət (əvvəlki ilə nisbətən 11,6 faiz artaraq 2346,2 lari), o cümlədən informasiya və rabitə (əvvəlki ilə nisbətən 6,9 faiz artaraq 2045,3 lari,) sahəsində qeydə alınıb. 2021-ci ildə qeyri-sahibkarlıq və maliyyə sektorunda orta aylıq əməkhaqqı ötən illə müqayisədə 8,1 faiz artaraq 1228,0 lari təşkil edib. Fəaliyyət növünə görə maliyyə və sığorta fəaliyyəti sahəsində çalışanlar nisbətən yüksək əməkhaqqı alırlar. Orta əməkhaqqına görə rayonlarda “Tbilisi və Mçxeta-Mtianeti bölgəsi liderdir”, - məlumatda qeyd olunub.


