06 
Okt
2022
12:22
897

Gürcüstanda işıq və qazın qiymətində artım gözlənilir?- AÇIQLAMA

Gürcüstanda elektrik enerjisi və təbii qazın qiymətində artım gözlənilmir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Enerji və Su Tənzimləmə Komissiyasının rəhbəri Davit Narmania məlumat verib.

Narmanianın qeyd etdiyinə görə, ölkə həm elektrik enerjisi, həm də təbii qaz təchizatı baxımından qış mövsümünə tam hazırdır.

“Bazar açılana qədər biz elektrik enerjisi üçün müəyyən etdiyimiz tarifləri davam etdirdik. Müvafiq olaraq, elektrik enerjisi sektorunda tariflərdə hər hansı artım gözlənilmir. Təbii qaz sektorunda biz bu ilin dekabr ayında yeni tarifləri müəyyən etməliyik, lakin mövcud valyuta məzənnəsini və digər amilləri nəzərə alaraq təbii qazda hər hansı artım gözləmirik. Təbii qazın tədarükü ilə bağlı Azərbaycanla uzunmüddətli müqaviləmiz olduğuna görə tədarük qiymətləri dəyişməz qalacaq. İstehlak etdiyimiz təbii qazın 90 faizi Azərbaycanın payına düşür.

Elektrik enerjisi sektoruna gəlincə, bu il Gürcüstanda istehsal keçən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 10% artıb. Bu onunla əlaqədardır ki, daha yaxşı hidrologiya var idi, digər tərəfdən, Enquri SES-in bərpası nəticəsində onun hasilatı xeyli artıb. Bildiyiniz kimi, payız-qış dövrü bizim üçün kəsir dövrüdür və Gürcüstan elektrik enerjisini qonşu ölkələrdən idxal etməli olur. Azərbaycan idxalçı ölkə olaraq qalır. Ehtiyacımız olmadığı üçün Rusiyadan idxal etmirik. Təbii qaza gəlincə, o, cüzi həcmdə, sistemi balanslaşdırmaq üçün, texniki tələbat əsasında idxal olunur. Ancaq yenə də hər il 90%-dən çoxu Azərbaycandan idxal olunur. Azərbaycanla qaz tədarükü ilə bağlı uzunmüddətli müqaviləmiz olduğuna əsaslanaraq, istər fiziki həcm çatışmazlığı, istərsə də qiymət artımı baxımından qaz təchizatı üçün heç bir təhlükəmiz yoxdur”, - deyə Narmania mətbuat konfransında bildirib.

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda elektrik enerjisi və təbii qaz tədarükü ilə bağlı təhdidlərə gəlincə, Narmanianın qeyd etdiyinə görə, hələlik heç bir təhlükə gözlənilmir.

“Komissiya bu cür sanksiyalar altında sektorun sığortalanmasını və tədarükün təhdid edilməməsini təmin edəcək. Bunun üçün bizim mexanizmlərimiz var”, - deyə Narmania bildirib.

Bizimlə əlaqə saxlayın