22 
Sen
2022
15:18
411

Medvedev: “Rusiyanı qorumaq üçün nüvə silahından istifadə edilə bilər”

“Rusiya öz müdafiəsi üçün istənilən silahdan, o cümlədən strateji nüvə silahlarından istifadə edə bilər”.

InterPress.ge xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev dövlət başçısı Vladimir Putinin bir gün əvvəl vətəndaşlara xüsusi müraciətində elan etdiyi əsas qərarları özünün “Telegram” kanalında şərh edərkən yazıb.

O, birləşmiş bütün ərazilərin mühafizəsinin Rusiya Silahlı Qüvvələri tərəfindən əhəmiyyətli dərəcədə gücləndiriləcəyini vurğulayıb.

“Rusiya bu cür müdafiə üçün təkcə səfərbərlik imkanlarından deyil, həm də özünün istənilən silahından, o cümlədən strateji nüvə silahlarından və yeni prinsiplərə əsaslanan silahlardan istifadə oluna biləcəyini açıqlayıb”, - deyə Medvedev əlavə edib.

O, NATO generallarının hədələrini də cavablandırıb.

“Hipersəs raketlərinin Avropa və ABŞ-dakı hədəflərə daha sürətli çatmasına zəmanət verilir”, - deyə o bildirib.

Medvedev yekunda qeyd edib ki, Qərb isteblişmenti, ümumiyyətlə, NATO ölkələrinin bütün vətəndaşları Rusiyanın öz yolunu seçdiyini və artıq geriyə yol olmadığını başa düşməlidirlər.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin də ərazi bütövlüyü təhlükə altına düşəcəyi təqdirdə Moskvanın bütün mümkün vasitələrdən istifadə edəcəyini deyərək, bunun blef  olmadığını vurğulayıb və ölkəni nüvə silahı ilə şantaj etməyə çalışanlara “küləyin istiqamətinin onlara tərəf dəyişə biləcəyi” ilə bağlı xəbərdarlıq edib. Bunun ardınca Rusiyanın müdafiə naziri Sergey Şoyqu bütün növ silahların, o cümlədən nüvə triadasının onlara verilən tapşırıqları yerinə yetirdiyini bildirib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər