18 
Sen
2022
22:21
741

Ermənilərin Azərbaycan səfirliyi qarşısında planladığı aksiya baş tutmayıb - FOTO

Sentyabrın 18-də Gürcüstanın erməni icmasının üzvlərinin Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında təyin etdikləri yürüş-aksiya baş tutmayıb.

InterPress.ge xəbər verir ki, “Avlabar” metrostansiyası yaxınlığından diplomatik nümayəndəliyin binasına doğru başlayan yürüş yarımçıq dayandırılıb. 

Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları “Avropa” meydanına yaxınlaşan 20-yə yaxın yürüş iştirakçısından yolun hərəkət hissəsini bağlamamağı xahiş edib. Polis tərəfindən onlara hər hansı bir mümkün təxribata və qarşıdurmaya yol verilməməsi üçün Azərbaycan səfirliyinin binası önündə aksiyaya icazə verilmədiyi bildirilib. Bu çağırışlara məhəl qoymayan bəzi aksiya iştirakçıları və polis əməkdaşları arasında insident baş verib. Bir neçə aksiyaçı saxlanılaraq ərazidən uzaqlaşdırılıb.

İnsidentdən sonra aksiyaçılar yürüş marşrutunu dəyişməyə məcbur olublar. Sıraları seyrələn aksiyaçılar Tbilisinin mərkəzi küçələri ilə addımlayıblar və Gürcüstan parlamentinin binası qarşısında toplaşıblar. 

Aksiyadan xəbər tutan Azərbaycanın Gürcüstandakı səfirliyi aksiya iştirakçılarını qarşılamaq üçün diplomatik nümayəndəlik binası qarşısında ingilis dilində “Qarabağ Azərbaycandır!” şüarının və 44 günlük Vətən müharibəsində Qələbənin rəmzi olan “Dəmir yumruğun” təsvirinin olduğu banerlər yerləşdirib. 

Qeyd edək ki, Gürcüstanın azərbaycanlı icmasının üzvləri səfirlik binası qarşısında Azərbaycana dəstək aksiyası keçirməyə hazır olub. Bu təşəbbüsü minnətdarlıqla qarşılayan diplomatik nümayəndəlik onların təhlükəsizliyi və hər hansı bir qarşıdurmaya yol verilməməsi baxımından aksiyanın təşkilini tövsiyə etməyib.

Bizimlə əlaqə saxlayın