Gürcüstanda internetdən istifadə xeyli artıb
Gürcüstanda internetdən istifadə xeyli artıb.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Demokratiya İnstitutunun araşdırmasında qeyd olunub.
O cümlədən, bu ilin avqust ayının məlumatlarına görə, sorğuda iştirak edən əhalinin 76%-i həftədə ən azı bir dəfə internetdən istifadə edir, 2020-ci ilin avqust ayında həmin göstərici 71% təşkil edib. 5% internetdən daha az istifadə edir, 19% isə heç vaxt istifadə etmir.
Sorğunun nəticələrinə görə, yaşlı vətəndaşlar, kənd tipli və etnik azlıqların yaşadıqları bölgələrdə internetdən istifadə hələ də nisbətən aşağıdır. Kəndlərdə respondentlərin 67%-i həftədə ən azı bir dəfə internetdən istifadə edir, 27%-i isə heç vaxt internetdən istifadə etmir.
Milli Demokratiya İnstitutu və CRRC-Georgia tərəfindən dərc olunan hesabat iyulun 14-dən avqustun 15-dək (işğal olunmuş ərazilər istisna olmaqla) Gürcüstanın yetkin əhalisi arasında aparılan üzbəüz sorğunun nəticələrinə əsaslanır. Avqust sorğusuna ümumilikdə 2104 tamamlanmış müsahibə daxildir. Sorğuda orta səhv nisbəti +/- 2 faizdir.


